Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Press-relizlər

Azərbaycanın BMT-dəkİ daİmİ nümayəndəlİyİ Baş katİb Antonİo Quterreşə məktub ünvanlayıb

Bakı, 23 avqust, AZƏRTAC

Azərbaycanın BMT-dəki daimi nümayəndəliyi təşkilatın Baş katibi Antonio Quterreşə məktub ünvanlayıb. Bu barədə AZƏRTAC-da daimi nümayəndəlikdən məlumat verilib.

Müvəqqəti işlər vəkili Tofiq Musayev tərəfindən imzalanan məktubda deyilir ki, Ermənistanın daimi nümayəndəsinin BMT-nin Baş katibinə ünvanladığı 2019-cu il 29 iyul tarixli məktuba Azərbaycan ərazisində Ermənistan tərəfindən yaradılmış qondarma irqçi rejim tərəfindən “Davamlı İnkişaf Məqsədlərinin icra olunması ilə bağlı milli hesabat” adlı sənəd əlavə edilib. Biz Ermənistanın BMT-yə üzvlüyündən açıq-aşkar sui-istifadə edərək beynəlxalq ictimaiyyəti bu cür tamamilə saxtalaşdırılmış vasitələrlə yanlış istiqamətə yönləndirməsinə qəti şəkildə etirazımızı bildiririk. Biz BMT-də Ermənistan tərəfindən bu qanunsuz rejimin kağızlarının yayılmasına bir daha kəskin etirazımızı bildiririk. Bu cür sənədlər, hər şeydən əvvəl, heç bir hüquqi qüvvəyə malik deyil və onları rədd edərək nəzərə almamaq lazımdır.

Məktubda qeyd edilir ki, Ermənistanın Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisini – Dağlıq Qarabağ regionunu və işğal olunmuş digər rayonları – “Dağlıq Qarabağ Respublikası” və ya “Arsax” kimi bir çox fərqli qondarma adlarla təqdim etmək cəhdləri hüquqi cəhətdən etibarsız hesab edilir. Bu, beynəlxalq hüququ, Azərbaycanın Konstitusiyasını və qanunvericiliyini, Birləşmiş Millətlər Təşkilatı tərəfindən coğrafi adların beynəlxalq standardlaşdırılması qaydaları və prinsiplərini açıq-aşkar pozur. Bu cür cəhdlər açıq-aşkar tarixi təhrif etmək və saxtalaşdırmaqdır, eləcə də Azərbaycanın işğal edilmiş ərazilərindəki mədəni və tarixi irsinin bütün izlərini silmək cəhdidir.

Hamıya məlumdur ki, Ermənistan silahlı qüvvələrindən istifadə edərək Azərbaycanın bir hissəsini, o cümlədən Dağlıq Qarabağ regionunu, onun ətrafındakı yeddi rayonu və bəzi digər əraziləri işğal edib və işğal etdiyi ərazilərdə erməni olmayan bütün şəxslərə qarşı etnik təmizləmə həyata keçirib. Bu təcavüz saya-hesaba gəlməyəcək qədər çox insan faciəsi və əzablarına səbəb olub. Ermənistan tərəfindən başladılan bu müharibə on minlərlə insanın həyatına son qoyub, şəhərləri, rayonları və kəndləri xarabalığa çevirib və 1 milyondan çox azərbaycanlının məcburi şəkildə öz evlərindən və mülkiyyətlərindən sürgün edilməsinə səbəb olub. Bu münaqişə nəticəsində minlərlə insan itkin düşüb.

Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan tərəfindən yaradılmış qondarma rejimin qeyri-qanuniliyi beynəlxalq səviyyədə dəfələrlə bəyan edilib. BMT Təhlükəsizlik Şurası özünün 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələrində Azərbaycana qarşı istifadə olunan güc tətbiqini və ərazilərin işğalını qınayıb, Azərbaycanın ərazi bütövlüyünə və beynəlxalq sərhədlərinin toxunulmazlığına hörmətini bildirib, güc tətbiq edərək əraziyə sahib olmağın yolverilməzliyini bildirib. Ermənistanın ərazi iddialarına və təcavüzkar hərəkətlərinə cavab verərkən BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha təsdiq edib və Ermənistandan işğal edilmiş ərazilərdən işğalçı dəstələrin dərhal, tamamilə və qeyri-şərtsiz çıxarılmasını tələb edib. Bir sözlə, Təhlükəsizlik Şurası silahlı gücün Azərbaycana qarşı tətbiq olunduğunu təsdiqləyib, bu cür hərəkətlərin qeyri-qanuni olduğunu bildirib, bunu açıq-aşkar suverenliyin və ərazi bütövlüyünün pozulması kimi qiymətləndirib. Ermənistan Respublikası öz hərbi sursatlarının istifadəsi ilə Dağlıq Qarabağ münaqişəsində ilk zamandan bəri mühüm dərəcədə iştirak edib. Bununla da sözügedən ərazilərin əldə olunmasına və nəzarət altında saxlanılmasına həlledici dəstək verib və dəstək verməkdə davam edir. Həmin ərazilərdəki rejim Ermənistanın göstərdiyi hərbi, siyasi, maliyyə və digər dəstəklərlə ardıcıl olaraq Dağlıq Qarabağda və ətraf ərazilərdə effektiv nəzarəti həyata keçirir.

Bundan əlavə, Davamlı İnkişaf Məqsədləri ilə bağlı məsuliyyətsiz spekulyasiyalara yol açan Ermənistan nədənsə yaddan çıxarır ki, BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı 2030-cu il Gündəliyinə əsasən Könüllü Milli hesabatların təqdim edilməsi BMT-yə üzv olan dövlətlər üçün nəzərdə tutulub və həmin hesabatlar dövlət tərəfindən nizamlanır və dövlətin himayəsi altında hazırlanır. Ən əsası, Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı 2030-cu il Gündəliyində qeyd olunduğu kimi, dövlət və hökumət başçıları, eləcə də yüksəksəviyyəli nümayəndələr bu Gündəliyin beynəlxalq hüquqa uyğun olaraq dövlətlərin hüquq və öhdəliklərini nəzərə alaraq həyata keçirilməsini yekdilliklə bəyan ediblər və dövlətlərin ərazi bütövlüyü və siyasi müstəqilliyinə hörmət olunmasının vacibliyini bir daha təsdiqləyiblər. Belə bir şəraitdə Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində yaratdığı qanunsuz marionet rejimini təbliğ və təşviq etməklə beynəlxalq ictimaiyyətin mövqeyinə tamamilə hörmətsiz yanaşdığını və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və beynəlxalq hüququn ümumi qəbul edilmiş norma və prinsiplərinə riayət etmək istəmədiyini nümayiş etdirir. Bu cür hərəkətlər, eyni zamanda, Ermənistanın siyasətinin Dağlıq Qarabağ münaqişənin siyasi yolla həlli məqsədlərinə necə zidd olduğunu göstərir.

Ermənistan hökuməti dərk etməlidir ki, başqa bir suveren dövlətin ərazisinin ələ keçirilməsi heç vaxt onun istədiyi siyasi və hüquqi nəticəni verməyəcək. Şübhəsiz ki, rəsmi İrəvan öz silahlı qüvvələrini Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən və bütün işğal olunmuş ərazilərindən çıxarmağa məcbur olacaq. Təxribatlara vaxt sərf etmək əvəzinə, Ermənistan bu dayanıqsız status-kvonun uzadılması kimi mənfur niyyətlərindən əl çəkməli və öz beynəlxalq öhdəliklərini vicdanla yerinə yetirməlidir.

VİDEO

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR