Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Press-relizlər

“Proqram-2050”: Ya xan ölər, ya eşşək...

Berlin, 8 avqust, AZƏRTAC

Ermənistanın baş nazirinin Xankəndidə dilə gətirdiyi “Proqram-2050” sanki hamını “Nyu Vasyuki”yə (“Nyu Vasyuki” – Odessada ailəvi istirahət etnoparkının adıdır - AZƏRTAC) aparmaq vədi kimi təsir bağışlayıb. Yəqin ki, bir vaxtlar dəbdə olan “Amerikaya çatmalı və onu ötüb keçməli”, “2000-ci ilə qədər hər sovet ailəsi üçün ayrıca mənzil” və “gənclərin indiki nəsli kommunizmdə yaşayacaq” tipli şüarlar da “erməni Robespyeri”nin vədlərindən daha realist səslənirdi.

Rəsmi sayı 3 milyona (faktiki isə 1,8 milyona) bərabər olan Ermənistan əhalisinin sayını heç bir kalkulyasiya alqoritminin köməyi ilə 5 milyona çatdırmaq mümkün deyil. Ölkənin iqtisadiyyatı yoxdur, əhali əsasən xaricdə işləyən qohumlarının transfertləri və xarici dövlətlər tərəfindən ayrılan yardım paketləri hesabına yaşayır. Yeri gəlmişkən, belə paketlərin sayı azalmaqdadır. Bu gün ölkədə sözdə bəyan edilən 3 milyon adam fiziki olaraq yoxdur, çünki həmin rəqəmə rəsmən qeydiyyata alınmış və hələlik bu ölkənin vətəndaşları sayılan, əslində isə çoxdan oradan getmiş və bir də heç vaxt qayıtmayacaq adamlar da daxildir. Ölkədə real yaşayan sakinlərin sayı təqribən 1,8 milyondur.

Hər hansı ölkədə yaşayan əhalinin real sayını hesablamaq üçün sosioloji xidmətlər tərəfindən tətbiq edilən maraqlı bir üsul var. Ölkənin müxtəlif regionlarında yaşayan, müxtəlif sosial qruplara və yaş qruplarına aid təqribən 1000 ailədən ibarət reprezentativ seçim tərtib edilir, sonra həmin insanların müəyyən müddət ərzində nə qədər çörək yeməsi hesablanır. Bir nəfərə düşən orta vahid hesablanır. Təbii ki, (xüsusən kənd rayonlarında), həmin insanların özlərinin hazırladığı çörək məhsullarının istehlakı, adamların mövsümlə əlaqədar evdə olmaması və sair detallar nəzərə alınır. Sonda nə qədər çörək bişirilməsi və nə qədər satılması barədə rəqəmlərlə müqayisə aparılır. Daha sonra həmin rəqəm un idxalı tendensiyasına əsaslanan paralel düstur üzrə hesablamanın nəticəsi ilə müqayisə edilir. Bu halda bir məsələ də nəzərə alınır ki, unun bir hissəsi çörək bişirilməsinə, bir hissəsi də əlavə müxtəlif qənnadı məmulatları bişirilməsinə sərf edilir. Sosioloji xidmətlər bir neçə düsturun kombinasiyasından istifadə etməklə həmin ərazidə yaşayan əhalinin real sayını kifayət qədər dəqiq təyin edirlər.

Ermənistanda bu rəqəm təqribən 1,8 milyona bərabərdir. Amma evlər idarələrinin uçot kitabları üzrə ölkədə 3 milyona yaxın insan qeydiyyata alınıb.

Hətta bu 1,8 milyon nəfər də ölkəni yalnız o səbəbə görə tərk etmir ki, insanlar əvvəlki kimi yenə Sibirdə, Şimalda, Uralda baxımsız qalmış şəhəryaratma istehsalatlarının ətrafında yaşayırlar, çünki onların getməyə yeri və imkanı yoxdur, həm də indiyə qədər topladıqlarını atıb getməyə heyifləri gəlir. Həmin 1,8 milyon məhz bu səbəbdən Ermənistanda qalmaqda davam edir. İş olsa, onlar lap Svazilendə də gedərdilər! Bütün ölkə ABŞ “Qrinkard” lotereyası oynayır. Onları bu oyundan yalnız yeni iş yerlərinin yaradılması yolu ilə çəkindirmək olar. Yeni iş yerləri isə boş yerdə yaranmır və göydən düşmür, bunun üçün investisiya tələb olunur. Təbii resursları az qala sıfır səviyyəsində olan, regional nəqliyyat layihələrindən kənarda qalmış və sovet dövrünün pis-yaxşı iqtisadiyyatı bərbad olmuş ölkədə investisiya ola bilməz. Hansı investisiyadan danışırsınız? Hanı gələcək iqtisadiyyat? Hanı 2,5 milyon iş yeri? Hanı 2050-ci ilə qədər 5 milyon əhali? Siz heç olmasa bugünkü statistikanı qoruyub saxlayın, çünki təkcə buna görə orden qazanarsınız!

O ki qaldı, Ermənistan ordusunun dünyada iyirmi ən güclü ordu sırasına, Ermənistan kəşfiyyatının dünyada ilk onluğa çıxarılması, futbol üzrə dünya və Avropa kubokları, 25 Olimpiya medalı və şahmat üzrə dünya çempionu titulu (yeri gəlmişkən, Aronyan amilini nəzərə alsaq, bu, nisbətən real olan yeganə hədəfdir) - bunlar barədə susuram.

Əlbəttə, Ermənistanın adi vətəndaşları Paşinyana inana bilərlər. Görünür o, “2050-ci ilə çataq, orada özünüz yəqin edərsiniz” düsturunu əsas götürür, çünki o vaxt cavab verəsi adam olmayacaq. Rəhmətlik Molla Nəsrəddin demişkən, o vaxta qədər ya xan ölər, ya eşşək...

Yeri gəlmişkən, ölkə əhalisinin sayını Paşinyanın dediyi səviyyəyə çatdırmaq şansı var, bu şərtlə ki, oradan zorla qovulmuş Zəngəzur, İrəvan, Vedibasar, Dərələyəz, Göyçə, Dərəçiçək, Qərbi Qazax, Dağlıq Borçalı bölgələrinin yerli sakinlərinin repatriasiyası, habelə Mehridən cənubda yaşayan, kənd təsərrüfatı ilə məşğul olan əhalinin həmin regionlara immiqrasiyası üçün sərhədlər açılsın. Onda iqtisadiyyat da yüksələr, əhalinin sayı da artar. Lakin o vaxt yəqin ki, bu ölkə özünün onsuz da süni olan indiki adını saxlamayacaq.

Beləliklə, Paşinyan, bu barədə fikirləşin, kömək edə bilərik.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR