Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Xəbərlər

Elşad Mİrbəşİroğlu: Fransa məhkəməsİnİn qərarı göstərdİ kİ, ermənİ lobbİsİnİn təsİr İmkanları zəİfləməkdədİr

Bakı, 7 iyun, AZƏRTAC 

Fransa məhkəməsinin bu ölkənin Arnuvill şəhəri ilə Azərbaycanın işğal altında olan Xocavənd rayonu arasında imzalanmış “Dostluq haqqında xartiya”nı ləğv etməsi ölkəmizin növbəti diplomatik uğurudur. Xartiyanın ləğv olunması ilə yanaşı, Arnuvill merinə qarşı ittiham da irəli sürülüb. Çünki işğal altında olan Azərbaycan rayonu ilə belə bir “xartiya”nın imzalanması Azərbaycanın ərazi bütövlüyünə hörmətsiz yanaşma ilə yanaşı, həm də Fransanın milli qanunvericiliyinə zidd idi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Elşad Mirbəşiroğlu bildirib. Politoloq qeyd edib ki, hələ 2015-ci ildə Fransa Xarici İşlər və Beynəlxalq İnkişaf və Daxili İşlər nazirlikləri tərəfindən Fransa şəhər və vilayətlərinin Azərbaycanın işğal altında olan rayonları ilə hər hansı bir formada əməkdaşlığı qadağan edən qərar qəbul olunub. Nəzərə almaq lazımdır ki, Azərbaycanın işğal altında olan rayonları ilə dostluq xartiyasının imzalanması bir sıra məqamlar baxımından təhlükəlidir. Birincisi, bu, Avropa üçün olduqca təhlükəli presedent yaradır. İkincisi, bunu işğal faktının legitimləşdirilməsi cəhdi kimi də qiymətləndirmək olar. Nəhayət, Fransa şəhərlərinin və vilayətlərinin Azərbaycanın işğal altında olan rayonları ilə hər hansı bir formada və səviyyədə əməkdaşlıq cəhdləri ümumilikdə Azərbaycan-Fransa münasibətlərinin xarakteri ilə ziddiyyət təşkil edir.

Politoloq əlavə edib ki, Fransanın ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biri olaraq, Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi prosesində birbaşa iştirak etməsi onun tam neytral olmasını tələb edir. Qondarma Dağlıq Qarabağ rejimi ilə hər hansı bir formada əməkdaşlıq isə Fransanın səmərəli vasitəçiliyini şübhə altına salır. Bu baxımdan, inzibati məhkəmə tərəfindən Arnuvill şəhəri ilə Azərbaycanın işğal altındakı Xocavənd rayonu arasında imzalanmış “dostluq xartiyası”nın ləğv olunması münaqişə vəziyyəti ilə bağlı obyektiv mövqeyin formalaşması istiqamətində mühüm addımlardan biri kimi qiymətləndirilməlidir.

Politoloq bildirib ki, Azərbaycan tərəfi belə halların qarşısının alınması istiqamətində daim ciddi fəallıq nümayiş etdirir. Belə ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva bu ilin martında Fransaya səfəri zamanı ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri kimi Fransanın Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi prosesində məsuliyyətini bir daha xatırladıb. Təbii ki, Azərbaycanla Fransa arasında əlaqələrin dinamik inkişafı fonunda bu məsələyə diqqət çəkilməsi rəsmi Paris üçün ciddi mesaj idi. Bundan başqa, nəzərə almaq lazımdır ki, Fransa Prezidenti Emmanuel Makron da bu ilin fevralında erməni diasporunun nümayəndələri ilə görüşü zamanı qondarma Dağlıq Qarabağ rejimi ilə dostluq və qardaşlıq haqqında sənədlərin imzalanmasının beynəlxalq hüquqa, Fransanın beynəlxalq öhdəliklərinə və milli maraqlarına ziddi olduğunu bildirib.

Politoloq vurğulayıb ki, bunun özü bir daha Fransa hakimiyyətinin qondarma rejimlə əməkdaşlığı dəstəkləmədiyini sübut edir. “Dostluq xartiyası”nın məhkəmə tərəfindən ləğv olunması gələcəkdə belə sənədlərin imzalanmasının qarşısının alınması baxımından önəmli hadisədir. Məhkəmənin qərarı həm də göstərdi ki, Azərbaycanın beynəlxalq mövqeləri getdikcə güclənir, erməni lobbisinin isə təsir imkanları zəifləyir.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR