Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Press-relizlər

Elçİn Əhmədov: “Bakı Prosesİ” Azərbaycanda mədənİyyətlərarası dİaloqun təşvİq edİldİyİ mühüm platformaya çevrİlİb

Bakı, 3 may, AZƏRTAC

Azərbaycan sivilizasiyaların, mədəniyyətlərin və dinlərin kəsişməsində, eləcə də coğrafi baxımdan Avropa və Asiya arasında yerləşir. Bu coğrafi yerləşmə Azərbaycanın mədəni müxtəlifliyində öz rolunu oynayıb. Əsrlər boyu bütün mədəniyyətlər, dinlər və etnik qrupların nümayəndələri Azərbaycanda sülh və təhlükəsizlik şəraitində bir ailə kimi yaşayıblar. Son vaxtlar təcridolunma, ayrı-seçkilik, ksenofobiya, islamofobiya, antisemitizm kimi təhlükəli amillər baş qaldırıb ki, bunlar artıq bəşəriyyət tarixində sivilizasiyaların və xalqların fəlakətinə səbəb olub.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədr müavini Elçin Əhmədov deyib.

E.Əhmədov bildirib ki, müasir dövrdə Azərbaycanda dinlərarası, mədəniyyətlərarası münasibətlərin nə qədər düzgün tənzimlənməsi dünya üçün artıq bir nümunədir. Azərbaycanın nümunələri öyrənilməklə bir sıra addımlar atılıb. Mədəniyyətlərarası və dinlərarası dialoqla əlaqədar son illər Azərbaycanda bir sıra mühüm əhəmiyyətli tədbirlər, beynəlxalq elmi konfranslar, genişmiqyaslı forumlar təşkil edilib. Nüfuzlu beynəlxalq qurumların öz tədbirlərini respublikamızda keçirməsi ölkəmizin Avropa mədəniyyəti ilə İslam mədəniyyəti arasında körpü rolunu oynadığını təsdiqləyir.

Azərbaycan artıq sivilizasiyalararası dialoqun, multikulturalizmin, siyasi, iqtisadi, humanitar və digər sahələrdə qlobal məsələlərin müzakirə olunduğu mərkəzə çevrilib. Belə ki, 2011-ci, 2013-cü, 2015-ci, 2017-ci illərdə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları yüksək səviyyədə təşkil olunub, ölkəmizin siyasi, mədəni həyatında mühüm hadisə kimi yadda qalıb və bu sahədə Azərbaycan tərəfindən reallaşdırılan təşəbbüslər regional müstəvidən çıxaraq qlobal səviyyəyə qaldırılıb.

Mayın 2-3-də Bakıda “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycan hökumətinin təşkilatçılığı, UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası və ISESCO-nun tərəfdaşlığı ilə keçirilir. Tədbirdə 100-dən çox ölkənin və 30-dan çox beynəlxalq təşkilatın yüksək səviyyəli rəsmiləri iştirak edirlər.

2008-ci ildən Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən “Bakı Prosesi” 10 il ərzində müxtəlif qitələrdə yaşayan fərqli etnik, mədəni, dini və linqvistik mənsubiyyəti olan ayrı-ayrı insanlar və qruplar arasında qarşılıqlı anlayış çərçivəsində səmimiyyət və hörmətə əsaslanan fikir mübadiləsi üçün müsbət platforma yaradıb. Keçən müddət ərzində Forumun coğrafiyası çox genişlənib, nəticədə tədbirə qoşulan qurumların sayı xeyli artıb. V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində insanlar arasında həmrəylik yaratmaqda və müxtəlif icmalarda zorakılığa və ayrı-seçkiliyə qarşı mübarizədə mədəniyyətlərarası dialoqun mühüm rolu öyrənilir.

Azərbaycan Prezidenti İlham Əliyev Forumdakı nitqində diqqətə çatdırdı ki, 2011-ci ildə bizim mədəniyyətlərarası dialoqa həsr edilmiş dünya Forumunun təşkil edilməsi təşəbbüsümüz tariximiz, coğrafiyamız və düşüncəmizdən qaynaqlanırdı və dünyanı təhlükəsiz etmək üçün biz sivilizasiyalar, mədəniyyətlər, müxtəlif etnik qrup və dinlərin nümayəndələri arasında dialoqun təşviqi sahəsində çox fəal olmalıyıq. Dövlət başçısı qeyd etdi ki, Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin, etnik qrupların və dinlərin nümayəndələrinin birgə yaşayıb-yaratdığı və təmasda olduğu bir məkan olmuş, ölkəmiz dini dözümlülük və müxtəlif millətlərin birgə yaşadığı torpaq olmuşdur. Bizim tariximiz mədəni müxtəliflik tarixidir və bu gün həmin tarixi irs əsasında Azərbaycan dünyaya mədəniyyətlərarası dialoqun ölkələri yaxınlaşdırmağın, müxtəlif mədəniyyət və sivilizasiya nümayəndələri arasında yeni körpülərin qurulmasının yeganə yol olduğunu nümayiş etdirir.

Multikulturalizmin bizim üçün həyat tərzi və həm də siyasətimizin mühüm elementlərindən biri olduğunu bildirən Azərbaycan Prezidenti dedi ki, bu mövzuda ölkəmizdə, eləcə də dünyanın digər yerlərində təşkil olunan çoxsaylı beynəlxalq tədbirlər multikulturalizm dəyərlərinin təşviqi ilə bağlı səylər göstərdiyimizi aydın nümayiş etdirir: “Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu qlobal miqyasda və əlbəttə, bizim ölkəmiz üçün mühüm beynəlxalq tədbirlərdən biridir. Son illər ərzində Azərbaycan çoxsaylı beynəlxalq təbirlərə ev sahibliyi edib. Dünya Dini Liderlərinin Forumunu, ənənəvi Bakı Humanitar Forumunu, yeddi dəfə Bakı Qlobal Forumunu təşkil etmişik. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil edilən həmin Forum da siyasi inkişaf və mədəniyyət dialoqu mövzularının müzakirəsi üçün çox vacib platformadır. Digər tədbirlər də təşkil edilir və bununla da biz dünya ictimaiyyətinin diqqətini bu mühüm məsələlərə yönəltməyə çalışırıq”.

Müstəqil dövlət kimi Azərbaycanın belə mühüm tədbirlərin keçirilməsi ilə multikulturalizmin inkişafına öz töhfəsini verdiyini diqqətə çatdıran Prezident İlham Əliyev bildirdi ki, 2018-ci ildə “Bakı Prosesi”nin 10 illiyini qeyd etdik və bu da bizim fəxr etdiyimiz bir təşəbbüsdür: “İlk dəfə məhz Azərbaycan Avropa Şurasına və İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin mədəniyyət nazirlərini bir araya gətirdi. Yüzdən çox dövlətin nümayəndəsi Bakıda toplaşdı və əməkdaşlıq perspektivlərini müzakirə etdi. Biz eyni tərkibdə nazirlərin iştirakı ilə daha bir tədbiri 2009-cu ildə təşkil etdik. Bu təşəbbüs “Bakı Prosesi” adlandırıldı və bu gün həmin proses Avropa ilə müsəlman dünyası arasında dialoq üçün mühüm vasitədir”.

2018-ci ildə müstəqilliyimizin 27-ci ildönümünü qeyd etdiyimizi vurğulayan dövlət başçısı İlham Əliyev bu müddət ərzində Azərbaycanın müasir infrastruktura və gələcəklə bağlı aydın baxışa malik, inkişaf edən ölkəyə çevrildiyini qeyd etməklə yanaşı, uzun illər üzləşdiyimiz əsas problemlərdən birinin Ermənistanın ölkəmizin ərazisini işğal etməsi olduğunu diqqətə çatdırdı: “İyirmi beş ildən artıqdır ki, Ermənistan bizim tarixi torpağımız olan Dağlıq Qarabağı və Azərbaycanın digər 7 rayonunu işğal etməkdə davam edir. Bu, beynəlxalq hüququn kobud pozulmasıdır. Bizim xalqa qarşı etnik təmizlənmə aparılıb, Ermənistanın təcavüzü və işğalı nəticəsində bir milyondan artıq insan evlərindən didərgin salınıb... BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal edilmiş ərazilərimizdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Bu qətnamələr kağız üzərində qalıb. Bu, onun göstəricisidir ki, bəzən BMT Təhlükəsizlik Şurasının qətnamələri uzun illər ərzində icra edilmir. Onların yerinə yetirilmə mexanizmi ya mövcud deyil, ya da tətbiq edilmir. Bunun nəticəsində isə Azərbaycanın torpaqları işğal altında qalmaqdadır”. Eyni zamanda, Prezident İlham Əliyev bildirdi ki, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qətnamə və qərarlar qəbul ediblər. Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır, bizim ərazi bütövlüyümüz bərpa edilməlidir və münaqişə beynəlxalq hüququn normaları, BMT Nizamnaməsi, Təhlükəsizlik Şurasının müvafiq qətnamələri və Helsinki Yekun Aktına əsasən həll edilməlidir.

Xarici siyasət sahəsində Azərbaycanın etibarlı tərəfdaş olduğunu bildirən dövlət başçısı bildirdi ki, ölkəmiz İslam Əməkdaşlıq Təşkilatının fəal üzvü olmaqla yanaşı, Avropa İttifaqı ilə yaxın münasibətlərimiz də mövcuddur və İttifaqın 9 üzvü ilə Azərbaycan arasında strateji tərəfdaşlıq haqqında sənədlər qəbul edilib. Yəni, bizim xarici siyasət gündəliyimiz əməkdaşlığın, tərəfdaşlığın gücləndirilməsi və qarşılıqlı fayda üzərində qurulub.

Bununla yanaşı, Prezident İlham Əliyev bildirdi ki, Azərbaycanın xarici siyasəti əhəmiyyətli beynəlxalq nəqliyyat layihələrini reallaşdırmağa imkan yaradır və müxtəlif ölkələrlə və tərəfdaşlarla yaxşı əməkdaşlıq olmadan bu layihələrin icrası mümkünsüz olardı: “Son illər ərzində bizim iqtisadi inkişafımız enerji layihələrimizə söykənib. Qonşularımız və tərəfdaşlarımızla birlikdə biz şaxələndirilmiş neft-qaz kəmərləri vasitəsilə Xəzər dənizini Qara dənizlə və Xəzəri Aralıq dənizi ilə birləşdirə bildik. Bu isə bizim, qonşularımızın və dünyanın bir sıra ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsi deməkdir. Bu gün biz Cənub Qaz Dəhlizinin həyata keçirilməsi üzərində fəal çalışırıq. Bu, artıq yeni miqyasda həyata keçirilən layihədir. O, 7 ölkəni birləşdirir və həmin ölkələrə layihədən faydalanmağa imkan yaradır”.

Qeyd etmək vacibdir ki, son illərdə Bakı şəhəri artıq qlobal məsələlərin müzakirə olunduğu, qitə və dünya miqyaslı tədbirlərə ev sahibliyi edən humanitar məkan kimi tanınır. Məhz “Bakı Prosesi” ölkəmizin təşəbbüsü ilə başlayıb. Bu gün mədəniyyətlərarası və sivilizasiyalararası dialoq, multikulturalizmə aid məsələlər “Bakı Prosesi”nə daxildir. Nəticədə, iki sivilizasiya arasında dialoqun yüksək səviyyədə təşkil edilməsində mühüm rol oynayan Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu getdikcə artıb. Hazırda Azərbaycan həm regionun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilib, həm də beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutub, güclü dövlət və etibarlı tərəfdaş imici qazanıb.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR