Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Press-relizlər

Elçİn Əhmədov: Aprel döyüşlərİ Ermənİstanın “qüdrətlİ ordusu”nun yalnız mİf olduğunu sübut etdİ

Bakı, 3 aprel, AZƏRTAC

Azərbaycan Ordusunun 2016-cı il aprelin 2-dən 5-dək davam edən uğurlu əks-hücum əməliyyatları ölkəmizə hərbi-strateji nöqteyi-nəzərdən çox böyük üstünlüklər verdi. İlk növbədə, Azərbaycan çox mühüm psixoloji qələbə qazandı. Azərbaycan Ordusu Qarabağın şimal və cənub hissələrində çox böyük strateji əhəmiyyətə malik yüksəklikləri azad etdi. Bununla da, Azərbaycan öz torpaqlarını azad etmək bacarığını, potensialını, döyüş əzmini nümayiş etdirdi. Nəticədə, 4 günlük döyüşlərin beynəlxalq əks-sədası da dərhal eşidildi və Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlaması bir daha bütün dünyaya xatırladıldı. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində atılan addımlar bu gün Azərbaycan Ordusunun dünyanın ən qüdrətli orduları sırasına daxil olmasına imkan yaratdı.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, siyasi elmlər doktoru, “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədr müavini Elçin Əhmədov bildirib.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2019-cü il aprelin 2-də Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsində çıxışında bu gün Azərbaycan Ordusunun dünya miqyasında güclü ordular sırasında olduğunu vurğulayaraq bildirdi ki, bu gün Azərbaycan Ordusu uğurla inkişaf edir, ordu quruculuğu prosesi sürətlə gedir, hərbi hissələrimiz yenidən qurulur və tikilir, ordumuz ən müasir texnika ilə təchiz edilir: “Bu da təbiidir, çünki biz müharibə şəraitində yaşayırıq, müharibə hələ bitməyib, müharibənin birinci mərhələsi başa çatıb”.

Aprel döyüşlərini bizim böyük tarixi qələbəmiz kimi dəyərləndirən Prezident İlham Əliyev qeyd etdi ki, Ermənistanın təxribatının qarşısını almaq üçün Azərbaycan Ordusu çox uğurlu əməliyyat keçirmiş və vaxtilə işğal edilmiş Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini işğalçılardan azad etmişdir: “Minlərlə hektar torpaq işğalçılardan azad edildi, on minlərlə hektar ərazi nəzarətimizə keçdi. Vaxtilə işğal edilmiş torpaqlarda bu gün Azərbaycan bayrağı dalğalanır. Döyüşlər zamanı hərbçilərimiz peşəkarlıq, qəhrəmanlıq göstərmişlər. Bir daha göstərmişlər ki, Azərbaycan əsgəri, zabiti həm peşəkardır, həm Vətənə bağlıdır, həm də istənilən anda öz vəzifə borcunu yerinə yetirməyə hazırdır”.

Aprel döyüşlərinin hərbi cəhətdən çox uğurlu əməliyyat olduğunu, əlverişsiz mövqelərdən bizim hərbçilərimizin çox önəmli strateji yüksəklikləri işğalçılardan azad etdiyini, həmçinin Ermənistanın yaratdığı mifin tamamilə darmadağın edildiyini vurğulayan Ali Baş Komandan bu döyüşlərin mənəvi-psixoloji baxımdan da böyük əhəmiyyətini diqqətə çatdıraraq bildirib: “...Ermənistan təbliğatı belə bir mif yaradırdı ki, onlar hərbi cəhətdən bizdən üstündür. Aprel döyüşləri bütün dünyaya göstərdi ki, Azərbaycan Ordusu bu gün ən yüksək keyfiyyətlərə malikdir və istənilən anda istənilən vəzifəni icra edə bilər”.

Azərbaycan Prezidenti döyüşlər nəticəsində Cocuq Mərcanlı kəndinə yeni həyat verildiyini qeyd edib: “Cocuq Mərcanlı qısa müddət ərzində yenidən quruldu, 150 fərdi ev, məktəb, uşaq bağçası, tibb məntəqəsi, Şuşa məscidinin bənzəri olan məscid tikildi, yeni iş yerləri yaradılır. Yəni, Cocuq Mərcanlıya həyat qayıdıb. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı bu vəziyyətlə heç vaxt barışmayacaq. Bu, bir daha onu göstərir ki, hər bir Azərbaycan vətəndaşı bir arzu ilə yaşayır - bizim işğal altındakı torpaqlarımız tezliklə azad olunsun və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etsin”. Bununla yanaşı, hazırda ordu quruculuğu baxımından Azərbaycan dünyanın güclü ölkələrindən olduğunu diqqətə çatdıran Ali Baş Komandan bildirdi ki, sonuncu reytinqə əsasən Azərbaycan Ordusu dünya miqyasında öz potensialına görə 52-ci yerdədir və 2018-ci ildə il keçirilmiş iki hərbi parad bizim hərbi qüdrətimizi göstərdi: “Ordumuz üçün ən müasir silahlar, texnikalar alınır, ordumuzun döyüş qabiliyyəti artır. Aprel döyüşləri bunun bariz nümunəsidir. Ordumuz üçün nə lazımdırsa, biz onu edirik və edəcəyik”.

Dövlət başçısı hərbi potensialımıza böyük diqqət göstərildiyini və bu sahədə mühüm nailiyyətlər əldə etdiyimizi bildirərək qeyd etdi ki, bizim ordumuzun döyüş qabiliyyəti artmış, uğurlu Naxçıvan əməliyyatı bunu əyani şəkildə sübut etmiş və bu əməliyyat nəticəsində Azərbaycan Ordusu strateji yüksəkliklərə sahib olmuşdur: “Bu yüksəkliklər imkan verir ki, biz çox böyük əraziyə nəzarət edək. Uğurlu Naxçıvan əməliyyatı bir daha göstərdi ki, ordumuz peşəkardır, ordumuzun döyüş qabiliyyəti yüksək səviyyədədir. Bütün bunlar reallıqdır. Bu gün hər bir Azərbaycan vətəndaşı haqlı olaraq Azərbaycan Ordusu ilə fəxr edə bilər və biz əsgərlərimizlə, zabitlərimizlə fəxr edirik. Azərbaycan Ordusu dövlətimizin ərazi bütövlüyünün qorunması işində rol oynayan əsas amildir”.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli haqqında danışan dövlət başçısı bizim mövqeyimizdə heç bir dəyişiklik olmadığını bildirərək vurğuladı ki, münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Dağlıq Qarabağın bizim əzəli, tarixi torpağımız olduğunu, əsrlərboyu xalqımızın bu torpaqlarda yaşadığını, qurub yaratdığını bildirərək deyib: “Bu gün bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Bütün mötəbər beynəlxalq təşkilatlar müvafiq qərar və qətnamələr qəbul etmişlər. Bu, tarixi və hüquqi əsasdır. Heç bir ölkə qondarma “Dağlıq Qarabağ respublikası”nı tanımayıb, əminəm ki, tanımayacaqdır”.

Münaqişənin yalnız Ermənistan ilə Azərbaycan arasında getdiyini, torpaqlarımızın Ermənistan tərəfindən işğal edildiyini, eləcə də işğal edilmiş torpaqlarda qarşı tərəfdə hərbçilərin 80 faizinin Ermənistan vətəndaşları olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev bildirib: “Ona görə danışıqlar prosesi də iki ölkə arasında aparılmalıdır və aparılır. Son Vyana görüşü, o cümlədən ona görə önəmli idi ki, bu mövcud formatı bir daha təsdiqlədi. Həm xarici işlər nazirləri arasında aparılan danışıqlar, həm də rəhbərlik arasında keçirilmiş görüş bir daha onu göstərir ki, bu, Ermənistan-Azərbaycan münaqişəsidir. Biz hər dəfə bu münaqişə ilə bağlı sözümüzü deyəndə bu münaqişəni belə də adlandırırıq: Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi”.

Münaqişənin nizama salınmasında Azərbaycanın tutduğu mövqe birmənalıdır. Problem yalnız Azərbaycanın ərazi bütövlüyü və ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllini tapmalıdır. Bu mövqe beynəlxalq hüquq normaları və prinsipləri, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və münaqişənin nizamlanması istiqamətində qəbul edilmiş çoxsaylı beynəlxalq sənədlərə əsaslanır.

Azərbaycan Prezidenti deyib: “Haqq-ədalət, tarixi həqiqət bizim tərəfimizdədir. İqtisadi güc də, hərbi güc də bizim tərəfimizdədir. Son illərdə görülmüş işlər, hərbi sahədə aparılan islahatlar, hərbi gücümüzün artırılması, həm siyasi meydanlarda, həm də döyüş meydanlarında qələbələr bizi daha da ruhlandırır, daha da gücləndirir”.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR