Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Press-relizlər

“Lenta.ru” saytında Xocalı soyqırımı haqqında məqalə yerləşdİrİlİb

Moskva, 26 fevral, AZƏRTAC

Rusiyanın “Lenta.ru” internet saytında Dmitri Plotnikovun Xocalı soyqırımına həsr edilmiş “Azərbaycanlılar düşünürdülər ki, bizimlə zarafat etmək olar” sərlövhəli məqaləsi yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, məqalədə Xocalı faciəsi Dağlıq Qarabağ müharibəsinin ən dramatik hadisəsi kimi xarakterizə olunur. Qeyd olunur ki, Ermənistan ordusunun strateji cəhətdən mühüm yaşayış məntəqəsini ələ keçirmək məqsədi daşıyan əməliyyatı kütləvi qırğınla nəticələnib.

Müəllif yazır: “Xocalı Stepanakertdən (Xankəndi-AZƏRTAC) doqquz kilometr şimal-şərqdə yerləşir. Qarabağın ən iri yaşayış məntəqələrindən biridir, azərbaycanlı əhalinin sayına görə isə ikinci şəhərdir. Tərəflərin hər ikisi üçün Xocalı strateji əhəmiyyətli məntəqə olub. Stepanakert, Əsgəran və Ağdamı birləşdirən dəmir yolu xətti və avtomobil yolları buradan keçirdi. Bundan başqa, Xocalının yaxınlığında Dağlıq Qarabağın nəqliyyat helikopterləri və təyyarələrini qəbul edə bilən yeganə böyük aeroportu yerləşirdi”.

Məqalədə göstərilir ki, 1991-ci ilin payızında erməni silahlı dəstələri Xocalının mühasirəsinə başlayıblar. SSSR-nin daxili qoşunlarının Dağlıq Qarabağdan çıxarılmasından sonra mühasirə halqası daralıb və oktyabrın sonunda birdəfəlik olaraq qapanıb. Ermənilər Xocalını Ağdamla birləşdirən son yolu da bağlayıblar. Bundan sonra şəhərə yalnız helikopterlə getmək olardı: Ağdamdan oraya qısa müddətə uçmaq mümkün olsa da, hava gəmisi yerdən müntəzəm atəşə tutulurdu.

D.Plotnikov yazır ki, erməni tərəfinin versiyasına görə, Xocalıdan Stepanakertin (Xankəndi) yaşayış məhəllələri müntəzəm atəşə tutulurdu. Lakin azərbaycanlıların bu şəhəri Xocalı ərazisindən atəşə tutması inandırıcı görünmür. Yerli qarnizon Azərbaycan komandanlığına silah və sursat çatışmazlığı barədə müntəzəm məlumat verirdi. Şəhərdəki Azərbaycan hərbi birləşmələri bir artilleriya silahı, bir avtomatik qumbaraatan və üç ədəd zirehli texnikaya malik idi. Müəllif əlavə edir ki, erməni tərəfi döyüşə zirehli texnikanın müşayiəti ilə - tanklar, zirehli transportyorlar, piyada döyüş maşını ilə gedirdi, 366-cı motoatıcı alayı da ermənilərin tərəfində döyüşürdü. D.Plotnikov vurğulayır: “Bunu da qeyd etmək vacibdir ki, 366-cı alayda həm əsgər, həm də zabit kimi çoxlu etnik ermənilər xidmət edirdilər. Onlar açıq-aşkar erməni dəstələrinə rəğbət bəsləyirdilər. 366-cı alayın guya “mühasirəyə” düşərək hərbi texnikanı bir neçə dəfə ermənilərə təslim etməsi barədə məlumatlar var. Hərbçilər bunu onunla əsaslandırırdılar ki, döyüş texnikasının təhvil verilməsi erməni milisi ilə toqquşmaların və qan axıdılmasının qarşısını almaq üçün yeganə vasitə olub. Həmin polkda xidmət edən sıravi Aleksey Bondarev zabitlərin gecə vaxtı zirehli transportyorları döyüş komplekti ilə necə çıxardıqlarını və bundan sonra sözdə “gecə növbətçiliyini” tərk etdiklərini xatırlayır. Onlar səhər əliboş qayıdır və bildirirdilər ki, hərbi sursat, o cümlədən qumbaralar qurtarıb”.

Müəllif göstərir ki, erməni tərəfinin iddialarına görə, hücum ərəfəsində Xocalı sakinlərinə Ağdam dəhlizinin açıq olması barədə xəbərdarlıq edilib. Lakin dindirilən sakinlərin heç birinin bu barədə məlumatı olmayıb, ermənilərin Ağdama açıq dəhlizin olması barədə informasiya vərəqələri atması iddiaları da öz təsdiqini tapmayıb.

Məqalədə Xocalının rus millətindən olan sakini Sergey Bondarevin sözləri sitat gətirilir: “Qəflətən Əsgəran tərəfdən güllə səsləri eşidilməyə başladı. İrəlidə sıx cərgə ilə addımlayan insanlar bir-birinin ardınca yıxılırdı. Mən qadın və uşaqların arasında öz həyat yoldaşımı gördüm. Qışqırmağa başladım ki, onlar yerə uzansınlar. Heç bir zaman unuda bilməyəcəyim çox dəhşətli mənzərə idi: irigövdəli, təpədən dırnağa qədər silahlanmış ermənilər qalın qarda canını qurtarmağa çalışan müdafiəsiz qadın və uşaqları gülləboran edirdilər”.

Müəllif diqqətə çatdırır ki, həmin vaxt səhra komandirlərindən biri olmuş və sonradan Ermənistan prezidenti vəzifəsini daşıyan Serj Sarkisyan əvvəlcə bildirib ki, ermənilər “bu barədə ucadan danışmamağı” üstün tuturlar. Faciə qurbanlarının sayına gəldikdə isə, onun sözlərinə görə, “bir çox faktlar şişirdilib”. Yeri gəlmişkən, sonradan o, daha açıq danışıb: “Xocalıya qədər azərbaycanlılar düşünürdülər ki, bizimlə zarafat etmək olar, onlar ermənilərin mülki əhaliyə əl qaldırmağa qadir olmadığını güman edirdilər. Biz bu stereotipi aradan qaldıra bildik. Baş verənlər bundan ibarət olub.”

Müəllif, həmçinin hər il dünyanın bir çox ölkələrində Xocalı hadisələrinə həsr olunmuş tədbirlərin keçirildiyini də qeyd edib.

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR