Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Xəbərlər

İtalİyanın daha bİr xəbər agentlİyİ Azərbaycan və Ermənİstan qoşunlarının təmas xəttİndən reportaj hazırlayıb

Roma, 31 yanvar, AZƏRTAC

İtaliyanın “Askanews” informasiya agentliyində bu media qurumunun müxbirinin Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttinə, o cümlədən Beyləqan rayonuna səfəri əsasında hazırladığı reportaj yayılıb.

AZƏRTAC xəbər verir ki, “Notizie Tiscali” və “Notizie Yahoo”nun da yaydığı reportajda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verilir.

Təmas xəttinə daha da yaxınlaşdıqca Azərbaycan tərəfindən bu kimi ifadələr təkrar olaraq eşidilir: səbir tükənmək üzrədir, insanlar artıq yorulub, onlar öz yurdlarına qayıtmaq istəyirlər.

Bu fikirlər Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və ətraf Beyləqan rayonunda müvəqqəti olaraq məskunlaşmış Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynova məxsusdur.

“İyirmi beş il sonra biz müharibə deyil, məsələnin həllini istəyirik, sülh danışıqları sonsuza qədər davam edə bilməz, bir nəticəsi olmalıdır. Səbrin bir sərhədi var və bizim səbrimiz sona yaxınlaşır. Bu gün Azərbaycan iqtisadi və hərbi baxımdan Ermənistandan daha güclüdür və biz ərazilərimizi silahla geri qaytara bilərik. Biz bir az da səbir edərik, amma bu, artıq istifadə edilmiş bir arqumentdir. Biz görürük ki, Ermənistan problemin həllini istəmir və insanlar artıq beynəlxalq ictimaiyyətə etibar etmir. Biz başqa ölkələr kimi İtaliyadan da kimin işğalçı olduğunu tanımasını istəyirik”.

Bu fikirləri isə Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov bildirir.

Reportajda qeyd edilir ki, 1994-cü ildən sonra bu bölgədə çox şey dəyişib. Azərbaycan təkcə regionda deyil, eyni zamanda, beynəlxalq səviyyədə nüfuzlu ölkəyə çevrilib. Dağlıq Qarabağın azərbaycanlı icması yorulub və öz yurdlarına qayıtmağı tələb edir. Münaqişə nəticəsində 30 min insan həlak olub, bir milyon azərbaycanlı qaçqın və məcburi köçkün düşüb. “Ermənilər 1992-ci ildə Xocalıda soyqırımı törədərək etnik təmizlənmə siyasəti aparıblar. Xocalıda qadın və uşaqlar da daxil olmaqla ümumilikdə 613 nəfər öldürülüb. Azərbaycan torpaqlarının 20 faizinin (Dağlıq Qarabağ və ətraf 7 rayon) işğalı nəticəsində öz yurdlarından didərgin düşmüş 1 milyon məcburi köçkünün yarısı ölkənin müxtəlif ərazilərində yerləşdirilib. Onların yerləşdirilməsi müharibədən sonrakı ilk illərdə əsasən beynəlxalq təşkilatlar tərəfindən maliyyələşdirilsə də, indi Azərbaycan dövləti bu məsələyə öz töhfəsini verir. Məsələn, Beyləqanda beş qəsəbə var, onlardan üçü beynəlxalq təşkilatlar, ikisi isə dövlət tərəfindən maliyyələşdirilmə nəticəsində salınıb”, - deyə icra başçısı bildirir.

Diqqətə çatdırılır ki, münaqişənin həlli ilə bağlı danışıqlar bu yaxınlarda yenidən bərpa edilib. Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında qeyri-rəsmi görüş olub ki, bu da ümidlənməyə əsas verir. Həmçinin xarici işlər nazirləri ötən ilin dekabr ayında ATƏT Nazirlər Şurası çərçivəsində Milanda görüşüblər və Ermənistanda hökumətin dəyişməsindən sonra ilk dəfə olaraq birgə bəyanat qəbul edilib.

“Dağlıq Qarabağın iki icması, erməni və azərbaycanlı icmaları arasında görüşlər keçirilsə, biz buna hazırıq. Erməni tərəfi harada istəsə, hətta İtaliyada da görüşə bilərik”, - deyə Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev qeyd edib.

İşğal edilmiş ərazilərə yaxın bölgələrdə danışıqlara yavaş-yavaş inanmağa başlayırlar. Bunu 72 yaşlı, 2 şəhid anası Sevil Əzizova da təsdiq edir. O, Xocavənd rayonunun Qaradağlı kəndindəndir. Həmin kənddə 33 nəfər öldürülüb. “Ermənilər onların hamısını quyuya atıb və bizə deyirlər ki, gəlib meyitləri götürə bilərsiniz. Lakin biz geri dönüb öz meyitlərimizi şərəflə dəfn etmək istəyirik”, - S.Əzizova bildirir. O deyir: “Mənim indi 39 yaşında bir oğlum var. Biz yenidən müharibə istəmirik, lakin əgər müharibə olsa, o, buna hazırdır”.

 

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR