Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması

az en ru

Press-relizlər

Hİkmət Hacıyev: Ermənİstanın azərbaycanlıları etnİk təmİzləməyə məruz qoyaraq ermənİ İcmasına İmtİyazlı hüquqlar tələb etməsİ bütün sənədlərə zİddİr

Bakı. Trend:

Xarici İşlər Nazirliyində Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının İdarə Heyətinin ölkəmizdə akkreditə olunmuş xarici ölkə və beynəlxalq təşkilatların diplomatik nümayəndələri ilə görüşü keçirilib.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələrindən bəhs edərək, yüz minlərlə azərbaycanlının işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlardan öz evlərindən və mülklərindən zor gücünə didərgin salındığını qeyd edərək, münaqişənin həlli çərçivəsində işğal olunmuş ərazilərimizin azad olunması və məcburi köçkünlərin öz evlərinə geri qayıtmasının vacib olduğunu vurğuladı. Münaqişənin həlli üzrə davam edən danışıqlar çərçivəsində erməni və azərbaycanlı əhalinin sülhə hazırlanması çağırışını xatırladan nazir müavini, bu xüsusda ölkəmizin Dağlıq Qarabağ bölgəsinin iki icması arasında təmasların və dialoqun bərpa edilməsinin önəmini tədbir iştirakçılarının diqqətinə çatdırdı. M.Məmməd-Quliyev görüşün əsas məqsədinin ölkəmizin Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının 23 nəfərdən ibarət olan İdarə Heyətinin ölkəmizdəki diplomatik korpusa təqdim edilməsi olduğunu qeyd etdi. O, işğal olunmuş torpaqlarımızdan didərgin salınmış məcburi köçkünlərin, o cümlədən ölkəmizin Dağlıq Qarabağ bölgəsinin 80.000 nəfərdən çox Azərbaycanlı İcmasının pozulmuş fundamental insan hüquqlarının bərpa olunmasının və bu insanların səsinin beynəlxalq səviyyədə eşidilməsinin yüksək əhəmiyyət kəsb etdiyini diplomatik korpusun diqqətinə çatdırdı.

Daha sonra AR Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev çıxış etdi. H.Hacıyev Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin doğurduğu ağır fəsadları qeyd edərək, beynəlxalq ictimaiyyətin münaqişənin həlli ilə bağlı mövqeyi, o cümlədən BMT TŞ-nin 4 qətnaməsinin tələblərini tədbir iştirakçılarına xatırlatdı və bu xüsusda, beynəlxalq ictimaiyyətin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi və münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq ədalətli həllinin tərəfdarı olduğunu vurğuladı. H.Hacıyev bildirdi ki, Azərbaycanın işğal olunmuş ərazilərinin Azərbaycanlı əhalisini etnik təmizləməyə məruz qoyaraq, onların bütün fundamental hüquq və azadlıqlarını, o cümlədən yaşamaq hüququnu kobud şəkildə pozaraq, Ermənistanın Dağlıq Qarabağın erməni icmasına imtiyazlı hüquqlar tələb etməsi insan hüquqlarının qorunması üzrə bütün sənədlərə köklü şəkildə ziddir. Daha sonra H.Hacıyev Azərbaycan Respublikası hökuməti tərəfindən bütün məcburi köçkünlər və qaçqınların həyat şəraitinin yaxşılaşdırılması üçün həyata keçirilən ardıcıl siyasətdən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən şəhid ailələrinə göstərilən qayğıdan bəhs etdi və bu xüsusda dünən şəhid ailələri ilə keçirilən görüş barədə tədbir iştirakçılarına məlumat verdi. AR rəsmisi vurğuladı ki, Cocuq Mərcanlı kəndində aparılan quruculuq işləri, məcburi köçkünlərin ləyaqətli və təhlükəsiz şəkildə öz doğma torpaqlarına qayıtmasının təmin olunması işğaldan azad ediləcək bütün ərazilərin bərpa olunması, dayanıqlı sülhün və inkişafın bərqərar olması üçün Azərbaycan Respublikasının əzmini bir daha nümayiş etdirir.

 

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyev çıxış edərək öncə İcma haqqında məlumat verdi, İcmanın ATƏT-in 1992-ci il Helsinki qərarına əsasən münaqişənin həllində maraqlı tərəf olduğunu qeyd etdi. O, İcmanın İdarə Heyətinə daxil olan 23 nümayəndəni təqdim etdi. O, çıxışında vaxtı ilə Şuşada erməni qonşuları ilə birgə sülh şəraitində yaşadığı günləri xatırlayaraq, azərbaycanlı icmanın erməni icması isə təmaslar qurmağa və konstruktiv dialoq aparmağa hazır olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı.

Daha sonra İcmanın İdarə Heyətinin üzvləri Xocalıda anadan olmuş Dürdanə Ağayeva və Samirə Hüseynova çıxış etdilər. Azərbaycanın Xocalı şəhərinin işğalından öncə burada ermənilərlə birgə əmin-amanlıq şəraitində yaşadıqlarını qeyd edərək, dinc erməni əhalisinin Ermənistanın işğalçı siyasətinin girovuna çevrildiyini vurğuladılar və Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları arasında dialoqun bərpa olunmasının bölgədə etimadın yaradılması baxımından əhəmiyyətli olduğunu bildirdilər.

Tədbir zamanı, həmçinin ölkəmizin Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının digər üzvləri də öz fikir və münasibətlərini, eləcə də suallarını ölkəmizdəki diplomatik korpusun nümayəndələrinə ünvanladılar.

VİDEO

İbad Hüseynov — Azərbaycan hərbçisi

İŞĞAL OLUNMUŞ RAYONLARIMIZ

  • XANKƏNDİ

  • XOCALI

  • ŞUŞA

  • LAÇIN

  • XOCAVƏND

  • KƏLBƏCƏR

  • AĞDƏRƏ

  • AĞDAM

  • CƏBRAYIL

  • FÜZULİ

  • QUBADLI

  • ZƏNGİLAN

QARABAĞ FOTOLAR