BMT Təhlükəsİzlİk Şurasının 3259-cu İclası 853 saylı QƏTNAMƏ - 29 İyul 1993-cü İl
BMT Təhlükəsizlik Şurasının 3259-cu iclası
853 saylı QƏTNAMƏ
29 iyul 1993-cü il
Təhlükəsizlik Şurası
1993-cü il 30 aprel tarixli öz 822 (1993) saylı qətnaməsini təsdiq edərək,
Avropada Təhlükəsizlik və Əməkdaşlıq məsələlərinə dair Müşavirənin (ATƏM) Minsk Qrupunun sədri tərəfindən 1993-cü il iyulun 27-də (S/26184) baxılmış məruzəni nəzərdən keçirərək,
Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında münasibətlərin pisləşməsi və onların arasındakı gərginliklə əlaqədar olaraq ciddi narahatlıq keçirdiyini ifadə edərək,
əlaqədar tərəflərin onun 822 (1993) saylı qətnaməsinin həyata keçirilməsi sahəsində təxirəsalınmaz tədbirlər cədvəlini qəbul etməsini alqışlayaraq,
hərbi əməliyyatların güclənməsini, o cümlədən Azərbaycan Respublikasında Ağdam rayonunun işğal olunmasını təşvişlə qeyd edərək,
bu vəziyyətin bölgədə sülh və təhlükəsizlik üçün qorxu törətməsindən narahat olaraq,
Azərbaycan Respublikasında çox böyük miqdarda mülki şəxslərin didərgin düşməsi və bölgədəki fövqəladə humanitar vəziyyətlə əlaqədar yenə də ciddi narahatlıq keçirdiyini ifadə edərək:
1. Azərbaycan Respublikasının Ağdam rayonunun və bu yaxınlarda zəbt olunmuş bütün digər rayonlarının işğalını pisləyir;
2. Bölgədə gələcəkdəki bütün düşmənçilik hərəkətlərini, o cümlədən mülki şəxslərə hücumları və yaşayış rayonlarının bombalanmasını və top atəşlərinə tutulmasını pisləyir;
3. Bütün hərbi əməliyyatların təxirə salınmadan dayandırılmasını və münaqişədə iştirak edən işğal qüvvələrinin Azərbaycan Respublikasının Ağdam rayonundan və bu yaxınlarda işğal olunmuş bütün digər rayonlardan dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasını tələb edir;
4. Əlaqədar tərəfləri atəşin dayandırılması haqqında razılığa gəlməyə və bu razılaşmalara əməl etməyə çağırır;
5. Bölgədə iqtisadi, nəqliyyat və energetika əlaqələrini bərpa etməyə dair özünün əvvəlki çağırışlarını yuxarıdakı 3 və 4-cü bəndlər baxımından bir daha təsdiq edir;
6. Münaqişənin dincliklə aradan qaldırılmasına nail olmaq sahəsində ATƏM-in Minsk Qrupunun davam etdirdiyi səyləri, o cümlədən 822 (1993) saylı qətnamənin həyata keçirilməsi sahəsində səyləri bəyənir və hərbi əməliyyatların gücləndirilməsinin bu səylər üçün fəlakətli nəticələr verə biləcəyi ilə əlaqədar ciddi narahatlıq keçirdiyini ifadə edir;
7. ATƏM-in müşahidə üzrə nümayəndə heyətinin, həmçinin onun yerləşdirilməsi cədvəlinin hazırlanması sahəsində tədbirləri, habelə bölgədə ATƏM-in nümayəndələrinin olmasının təmin edilməsinə dair təkliflərə ATƏM çərçivəsində baxılmasını alqışlayır;
8. Əlaqədar tərəfləri münaqişənin dincliklə aradan qaldırılmasına maneçilik törədən hər hansı hərəkətlərdən çəkinməyə və vəziyyətin qəti şəkildə nizama salınmasına nail olmaq məqsədilə danışıqları ATƏM-in Minsk Qrupu çərçivəsində, habelə əlaqədar tərəflər arasında birbaşa görüşlər vasitəsilə davam etdirməyə təkidlə çağırır;
9. Ermənistan Respublikasının hökumətini Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi ermənilərinin 822 (1993) saylı qətnamənin müddəalarına əməl etməsi və ATƏM-in Minsk Qrupunun təkliflərini həmin tərəfin qəbul etməsi məqsədilə öz təsirini göstərməyi davam etdirməyə təkidlə çağırır;
10. Dövlətləri münaqişənin güclənməsinə və ya ərazinin işğalının davam etdirilməsinə gətirib çıxara biləcək hər hansı silah və ləvazimat göndərməkdən çəkinməyə təkidlə çağırır;
11. Mülki əhalinin artmış iztirablarını yüngülləşdirmək üçün bölgədə, xüsusən münaqişənin əhatə etdiyi bütün rayonlarda humanitar yardım göstərilməsi sahəsində beynəlxalq fəaliyyətin maneəsiz həyata keçirilməsini təmin etməyə yenidən çağırır və bir daha təsdiq edir ki, bütün tərəflər beynəlxalq humanitar hüququn prinsiplərinə və normalarına əməl etməyə borcludurlar;
12. Baş Katibdən və müvafiq beynəlxalq idarələrdən xahiş edir ki, zərər çəkmiş mülki əhaliyə təcili humanitar yardım göstərsin və didərgin düşmüş şəxslərə öz evlərinə qayıtmağa kömək etsinlər;
13. Baş Katibdən xahiş edir ki, ATƏM-in indiki sədri ilə məsləhətləşərək yaranmış vəziyyət haqqında Şuraya məruzələr təqdim olunmasını davam etdirsin;
14. Bu məsələ ilə fəal məşğul olmağı davam etdirməyi qərara alır.
Mənbə: Elçin Əhmədov. Ermənistanın Azərbaycana təcavüzü: təhlili xronika (1987-2011). Ensiklopedik nəşr. Bakı, 2012, 912 s.