Bakı, 8 aprel, 2020
Əslində Kəlbəcər rayonunun işğal Ağdaban kəndindən başlamışdı. Ağdaban kəndi Kəlbəcər rayonunda, Ağdaban çayının sağ silsiləsində, Ağdaban dağının yamacında, Murovdağ silsiləsinin cənub ətəyində,rayon mərkəzindən 56 km şimal-şərqdə yerləşir.
1992-ci il aprel ayının 7-dən 8-ə keçən gecə Ermənistan silahlı birləşmələri Ağdaban gözətçi məntəqəsində keşik çəkən 3 nəfəri qətlə yetirdilər. Bunun ardınca ermənilərin Ağdərə rayonunun Capar kəndi istiqamətindən Kəlbəcər rayonunun Çayqovuşan və Ağdaban kəndlərinə silahlı hücumu nəticəsində Kəlbəcər rayonunun 130 evdən ibarət Ağdaban kəndi tamamilə yandırılmış, 779 nəfər dinc sakininə amansız işgəncələr verilmişdir. Ağdaban kəndində ermənilərin həyata keçirdikləri soyqırım nəticəsində 39 nəfər xüsusi qəddarlıqla qətlə yetirilmişdir. Onların arasında 8 nəfər 90-100 yaşlı qoca, 2 azyaşlı uşaq, 7 qadın diri-diri odda yandırılmış, 2 nəfər itgin düşmüş, 12 nəfərə ağır bədən xəsarəti yetirilmişdir. Ermənilər tərəfindən tarixi, memarlıq və mədəniyyət abidələri dağıdılmış, talanmış və məhv edilmişdir. Azərbaycanın klassik aşıq şeirinin ustadı Aşıq Qurbanın və oğlu Aşıq Şəmşirin əlyazmaları yandırılmış və məhv edilmişdir.
1992-ci il aprel ayının 8-də baş verən, Azərbaycan tarixində törədilmiş ən böyük cinayətlərdən biri, Qarabağın strateji əhəmiyyətli Kəlbəcər rayonunu ələ keçirmək üçün erməni millətçilərinin "Böyük Ermənistan" yaratmaq xülyasıyla Azərbaycan xalqına qarşı törətdiyi dəhşətli soyqırımı idi. Ağdaban soyqırımı - bütöv bir kəndin tamamilə yandırılması, yüzlərlə dinc sakinə qeyri-insanı işkəncələr verilməsi, yurdundan didərkin salınması yaddaşlardan heç vaxt silinəsi hadisə deyil.
Qeyd etmək vacibdir ki, Ağdaban soyqırımı Yuxarı Qrabağın bütünlüklə işgalından hələ əvvəl baş vermişdi. Bu hadisə onu göstərir ki, ermənilərin təkcə Dağlıq Qarabağ deyil, işğalçılıq siyasətinin təməlində uydurma “Böyük Ermənistan” ideyasını həyata keçirmək üçün daha geniş ərazilər həyata keçirmək xeyli əvvəllər planlı şəkildə hazırlanmışdı.
1993-cü il martın 27-dən aprelin 2-dək Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hücumu nəticəsində Dağlıq Qarabağ bölgəsinin hüdudlarından kənarda yerləşən, 1936 km² sahəsi, işğal zamanı 60 minə nəfərə qədər əhalisi, 1 şəhər, 1 qəsəbə və 122 kənddən ibarət olan Kəlbəcər rayonu işğal edildi. Azərbaycanın Kəlbəcər rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı münaqişəni mahiyyətcə yeni – işğalçılıq səviyyəsinə keçirdi.