Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar BƏYANATI

Bakı, 31 mart, 2020

Son 200 ildə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi azərbaycanlıları öz tarixi torpaqlarından qovmaqla əzəli Azərbaycan ərazilərində ermənilərin uydurduqları “Böyük Ermənistan” dövləti yaratmaq olmuşdur.

XX əsrin əvvəllərində erməni millətçiləri “Daşnak­süt­yun” partiyasının proqramında irəli sürülən “Böyük Ermə­nis­tan” ide­yasını reallaşdırmaq istiqamətində fəaliyyətini ge­niş­lən­dirə­rək öz tarixi torpaqlarında yaşayan azərbay­can­lı­ları planlı su­rətdə doğma yurdlarından qovmaqla etnik tə­miz­ləmə və soy­qırımı siyasətini həyata keçirməyə başladılar. Belə ki, 1905-1906-cı illərdə ermənilər Bakıda, Gəncədə, Qarabağda, İrə­vanda, Naxçıvanda, Ordubadda, Şərur-Dərə­ləyəzdə, Tiflisdə, Zəngəzurda, Qazaxda və başqa yerlərdə dinc azərbaycanlılara qarşı qırğınlar törətmiş, əhali aman­sız­lıqla qətlə yetirilmiş, şə­hər və kəndlər yandırılmış və da­ğı­dılmışdır.

1917-ci ildə Rusiyada baş verən fevral və oktyabr hadi­sə­lərindən sonra “Daşnaksütyun” partiyası və Erməni Milli Konqresi daha geniş fəaliyyətə başladılar. 1917-ci ilin dekabrında Qafqaz işləri üzrə müvəqqəti fövqəladə komissar təyin edilən S.Şaumyan azər­baycanlıların kütləvi qırğınının təşkilatçısı və rəhbərinə çev­rildi. 1918-ci ilin əvvəllərində, yəni, mart qırğını ərəfəsində bi­la­vasitə Şaumyana tabe olan erməni silahlı qüvvələrinin sayı 20 minə yaxın idi. Həmin il martın 30-da erməni-bolşevik birləşmələri Bakı şə­hərini gəmi­lərdən yaylım atəşinə tutdular. Bunun ardınca isə silahlı daş­naklar azərbaycanlıların evlərinə hücum edərək amansız qətllər törətdilər. Martın 31-də və aprelin ilk gün­lə­rində minlərlə dinc azər­bay­canlı yalnız milli mən­subiyyətinə görə məhv edildi. Həmin günlərdə erməni-bolşevik birləşmələri Bakıda 12 min dinc azərbaycanlını qətlə yetirdilər. Bu qanlı hadisələr zamanı in­sanlar evlərində diri-diri yan­dı­rılmış, eləcə də xüsusi iş­gən­cələrlə və amansızlıqla öldürül­müşdür.

Ermənilərin silahlı hücumu nəticəsində 1918-ci ilin ilk beş ayı ərzində Quba qəzasında 16 mindən çox insan xüsusi qəd­darlıqla qətlə yetirilmiş, 167 kənd dağıdılmışdır ki, on­lar­dan 35-i hazırda mövcud deyil. Erməni-daşnak dəstə­lə­rinin Quba qəzasında azərbaycanlıları kütləvi şəkildə qətlə yetirmələrinə dair aşkar edilmiş faktlar son vaxtlar bir daha sübuta yetirilmişdir. Belə ki, 2007-ci ildə Quba şə­hə­rində küt­lə­vi məzarlıqların aşkar edilməsi erməni van­da­lizmini təsdiq­ləyən faktlardır. Məzarlığın tədqiqi zamanı 1918-ci ildə er­məni silahlı birləşmələrinin Qubaya hücumu zamanı insan­la­rın hər cür zorakılığa məruz qalaraq qəd­dar­lıqla qətlə yeti­ril­məsi və həmin məzarlığın sonradan kütləvi şəkildə bas­dı­rılmış yerli sakinlərə məxsus olduğu müəyyən edilmişdir. Onu da qeyd etmək lazımdır ki, Amazaspın rəh­bərliyi ilə erməni hərbi bir­ləşmələri Qubada türk-müsəlman əhalisi ilə yanaşı, yəhudilərə qarşı da qırğınlar törətmişlər. Aparılan tədqiqatlar nəticəsində məlum olmuşdur ki, 1918-1919-cu illərdə Qubada ermənilər tə­rəfindən 3 min nəfərə qədər yəhudi qətlə yetirilmişdir.

Bundan əlavə, ermənilər tərəfindən Azərbaycanın yüzlərlə yaşayış məntəqəsi, o cümlədən Qarabağda 157 kənd dağıdılmış və yandırılmış, eləcə də Şuşada azərbaycanlılara qarşı amansız qırğınlar törədilmişdir. Bu dövrdə Quba qəzasında 167, Şamaxı qəzasında 110, Zəngəzur qəzasında 115, İrəvan quberniyasında 211, Qars vilayətində 92 yaşayış məntəqəsi yandırılmış, dağıdılmış və talan edilmişdir. Erməni daşnakları tərəfindən 1918-ci ilin mart-aprel aylarında Bakıda və digər Azərbaycan əra­zi­lə­rində 50 minə yaxın insan xüsusi işgəncələrlə qətlə yeti­ril­mişdir. Zən­gəzur qəzasında 10 mindən çox, Şamaxı qəza­sın­da 10 min 270 nəfər azərbaycanlı amansızlıqla öldürülmüşdür.

Ümumilikdə, 1918-1920-ci illərdə ermənilər tərəfindən törədilmiş kütləvi qırğınların Bakı, Quba, Şamaxı, Kürdə­mir, Lənkəranla yanaşı, Şuşada, İrəvan quberniyası ərazi­sin­də, Zəngəzurda, Naxçıvanda, Şərurda, Ordubadda, Qarsda və baş­qa bölgələrdə amansız şəkildə davam etdirilməsi nəti­cəsində on minlərlə azərbaycanlı ən qəddar üsullarla qətlə yetirilmiş, bir milyondan çox əhali öz doğma torpaqlarından didərgin salınmışdır. Tarixi Azərbaycan torpaqlarında ermə­ni­lər tərəfin­dən bu vəhşiliklər törədilərkən məktəblər, məs­cid­lər yandı­rıl­mış, maddi-mədəniyyət nümunələri məhv edilmişdir.

XX əsrin sonunda monoetnik dövlət yaratmağa nail olan Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın Dağ­­lıq Qarabağ böl­­gə­­si və onun inzibati-ərazisinə aidiyyatı olmayan Laçın, Kəlbəcər, Ağdam, Fü­zu­li, Cəbrayıl, Qubadlı və Zəngilan bölgələri işğal edilmişdir. Bütün bu ərazilər ermənilər tərəfindən etnik təmizləməyə məruz qalmışdır. Hazırda Azərbaycan ərazisinin 20%-i Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

Dağlıq Qarabağın erməni icmasının öz müqəddəratını təyin etmək cəhdi kimi qələmə verdiyi Ermənistanın bu hərbi təcavüzü nəticəsində Azərbaycanın işğal olunmuş əra­­zi­lə­rin­dən 1 milyondan çox əhalinin öz doğma torpağından məcburən köçkün düş­məsinə gətirib çıxarmış və hazırda bütün dövrlərdə olduğu kimi, ermənilərin həyata keçirdiyi bu işğalçılıq siyasəti kütləvi qırğınlarla müşayiət olunmuşdur. Belə ki, 1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində 20 000 nəfər  azərbaycanlı həlak olmuş, 50 000 nəfər isə müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuşdur.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndidə yerləşən sovet ordusundan qal­mış 366-cı motoatıcı alayın hərbçiləri və ağır texnikasının iştirakı ilə Xocalı şəhərinə hücum edərək şəhəri yerlə-yeksan etdilər. Çoxsaylı ağır texnika ilə şəhər tamamilə dağıdılmış, yandırılmış və insanlar xüsusi qəddarlıqla qətlə yeti­rilmişdir. Azərbaycanın qədim Xocalı şəhərində həyata keçirilən bu soyqırımı nəticəsində rəsmi rə­qəm­lərə görə, 613 nəfər öldürüldü ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qoca idi. 8 ailə ta­ma­milə məhv edilmişdi. Bundan əlavə, 1275 nəfər əsir götürülmüş, 150 nəfərin taleyi indiyə kimi naməlumdur. Bu soyqırımı zamanı mülki insanlar, o cümlədən qadınlar və uşaqlar xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirilmiş, başları kəsilmiş, yaxud başlarının dərisi soyulmuş, gözləri çıxarılmış, hamilə qadınlar süngü ilə deşik-deşik edilmişdir. Xəsarət alanlardan 487 nəfəri şikəst olmuşdur ki, onlardan 76 nəfəri azyaşlıdır.

Ermənistanın Azərbaycana qarşı açıq-aşkar hərbi təcavüzü beynəlxalq hüququn bütün norma və prinsiplərinə ziddir. Belə ki, Ermənistan Respublikası bütün beynəlxalq hüquqi sənədləri, xüsusilə BMT Nizamnaməsinin I və II maddələrində, eləcə də 1975-ci il 1 avqust tarixli ATƏM/ATƏT-in Helsinki Yekun Aktında  ifadə olunmuş beynəlxalq hüququn əsas prinsiplərini kobudcasına pozmuşdur Ermənistanın bu cinayətkar siyasətinin davamlılığını sübut edən faktlardan biri də budur ki, təkcə XX əsrdə azər­bay­­can­lılar 4 dəfə  - 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və nə­­ha­yət, 1988-1993-cü illərdə erməni millətçiləri tərəfindən tö­rə­dilən soyqırımı və etnik təmizlənmələrə məruz qalmışdır.

Çox təssüf ki, XX əsrin sonunda yenidən başlayan Ermənistanın yürütdüyü etnik təmizləmə və soyqırımı siyasəti uzun illərdir dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Halbuki soyqırımı ən ağır beynəlxalq cinayət olmaqla yanaşı, beynəlxalq hüquqa görə sülh və təhlükəsizliyə qarşı yönələn cinayətlər qrupuna aid edilir. Soyqırımı cinayətinin hüquqi əsası BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” konvensiya ilə müəyyən olunmuşdur.

Bununla yanaşı, Ermənistanın Azər­bay­ca­na qarşı təcavüzü ilə əlaqədar 1993-cü ildə qəbul edilmiş BMT Təhlükəsizlik Şu­ra­sının 822, 853, 874 və 884 saylı qət­na­mələrində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sər­həd­lərinin toxunulmazlığının zəruriliyi bildirilir, işğalçı qüvvələrin işğal etdik­lə­ri Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxması göstərilir. Ancaq BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə, İslam Əməkdaşlıq Təşkilatının, Qoşulmama Hərəkatının, Avropa Şurası Parlament Assambleyasının və eləcə də digər beynəlxalq təşkilarların qərarlarına baxmayaraq indiyə kimi Ermənistan Respublikasının açıq-aşkar hər­bi işğalçılıq mövqeyi tutması ucbatından münaqişə ölkəmizin ərazi bütövlüyü və suverenliyi çərçivəsində öz həllini tapmamışdır. Ona görə də beynəlxalq birlik qəti praktik addımlar atmalı, Ermənistana təzyiqləri artırmaqla azərbaycanlılara qarşı ernik təmizləmə və işğalçılıq siyasətinə son qoyulması üçün  zəruri tədbirlər görməlidirlər.

Bu baxımdan, Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin 80 mindən çox olan azərbaycanlı əhalisi beynəlxalq birliyi Azərbaycan xalqına qarşı tarix boyu baş vermiş və bu gün də davam edən təcavüz hərəkətlərinə obyektiv siyasi-hüquqi qiymətin verilməsi üçün Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə çağırır.