Bakı, 25 fevral, AZƏRTAC
“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” olaraq Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması istiqamətində artıq uzun müddətdir ki fəaliyyət göstəririk.
AZƏRTAC xəbər verir ki, bu fikri jurnalistlərə açıqlamasında “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin sədri Tural Gəncəliyev deyib.
Son illərdə Xocalı soyqırımının tanıdılması və qətliama siyasi qiymət verilməsi istiqamətində görülən işlərdən danışan natiq deyib ki, artıq ABŞ-ın 20-dən çox ştatı və 15-ə qədər ölkənin qanunverici orqanları Xocalı faciəsinin soyqırımı aktı və insanlığa qarşı cinayət kimi tanınması barədə qətnamə qəbul edib. Bildirib ki, bundan sonrakı fəaliyyətimizi daha da intensivləşdirməliyik. Hesab edirəm ki, Xocalı soyqırımını digər ölkələrin də tanıması üçün tədbirlər görməliyik. Bu cinayəti törədənlərin gec-tez ədalət məhkəməsi qarşısında məsuliyyətə cəlb edilməsi və Azərbaycan xalqı qarşısında cavab vermələrini tələb edəcəyik.