Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar bəyanatı

Bakı, 24 fevral, 2020

Son iki əsrdə erməni millətçiləri tarixi Azərbaycan torpaqları hesabına uydurma “Böyük Ermənistan” ideyasını həyata keçirmək məqsədilə 1905-1906, 1918-1920, 1948-1853, 1988-1993-cü illərdə xalqımıza qarşı soyqırımı, terror, deportasiya və etnik təmizləmə kimi cinayətlər törətmişlər.

XX əsrin sonunda Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın Dağ­­lıq Qarabağ bölgəsi və onun hüdudlarından kənarda yerləşən Laçın, Kəlbəcər, Ağdam, Fü­zu­li, Cəbrayıl, Qubadlı və Zəngilan bölgələri işğal edilmişdir. Bütün bu ərazilər ermənilər tərəfindən etnik təmizləməyə məruz qalmışdır. Bununla yanaşı, Dağ­­lıq Qarabağ böl­­gə­­sidəki azərbaycanlılar yaşayan 30-dan çox yaşayış məntəqəsi, o cümlədən Tuğ, İmarət-Qərvənd, Sırxavənd, Salakətin, Meşəli, Cəmilli, Umudlu, Kərkicahan, Axullu, Malıbəyli, Quşçular, Qaradağlı və digər strateji əhəmiyyətə malik kəndlərimiz ermənilər tərəfindən yandırılmış, dağıdılmış və talan edilmişdir. Ümumilikdə, Ermənistanın bu hərbi təcavüzü nəticəsində 20 000 nəfər  azərbaycanlı həlak olmuş, 50 000 nəfər isə müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuşdur.

XX əsrin sonunda bütün dünyanın gözü qarşısında baş verən, qəddarlığı və amansızlığı ilə seçilən Xocalı soyqırımı isə bu təcavüzkar siyasətin ən qanlı və yaddaşlardan silinməyən səhifəsi olmuşdur.

28 il bundan əvvəl - 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndidə yerləşən sovet ordusundan qal­mış 366-cı motoatıcı alayın hərbçiləri və ağır texnikasının iştirakı ilə Xocalı şəhərinə hücum edərək şəhəri yerlə-yeksan etdilər. Çoxsaylı ağır texnika ilə şəhər tamamilə dağıdılmış, yandırılmış və insanlar xüsusi qəddarlıqla qətlə yeti­rilmişdir. Azərbaycanın qədim Xocalı şəhərində həyata keçirilən bu soyqırımı nəticəsində rəsmi rə­qəm­lərə görə, 613 nəfər öldürüldü ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qoca idi. 8 ailə ta­ma­milə məhv edilmişdi. Bundan əlavə, 1275 nəfər əsir götürülmüş, 150 nəfərin taleyi indiyə kimi naməlumdur.

Bu soyqırımı zamanı mülki insanlar, o cümlədən qadınlar və uşaqlar xüsusi qəddarlıq və amansızlıqla qətlə yetirilmiş, başları kəsilmiş, yaxud başlarının dərisi soyulmuş, gözləri çıxarılmış, hamilə qadınlar süngü ilə deşik-deşik edilmişdir. Xəsarət alanlardan 487 nəfəri şikəst olmuşdur ki, onlardan 76 nəfəri azyaşlıdır.

 Son illərdə Xocalı soyqırımının tanıdılması və qətliama siyasi qiymət verilməsi istiqamətində görülən işlər daha ciddi nəticələr verməkdədir. Artıq ABŞ-ın 20-dən çox ştatın və  15-ə qədər ölkənin qanunverici orqanları Xocalı faciəsini soyqırımı aktı və insanlığa qarşı cinayət kimi tanınması barədə qətnamə qəbul etmişdir. Eləcə də, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı bu faktı, soyqırımı və insanlığa qarşı cinayət hadisəsi kimi tanımış,  eləcə də üzv dövlətləri həmin faciəyə müvafiq siyasi-hüquqi qiymət verməyə çağırmışdır. Hazırda Xocalı faciəsinin dünya dövlətləri  tərəfindən soyqırımı kimi tanınması, qətliama ayrı-ayrı ölkələrin qanunverici orqanları tərəfindən obyektiv qiymət verilməsi tarixi zərurət olaraq qalmaqdadır.

Hazırda Azərbaycan ərazisinin 20%-i Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Bu işğal nəti­cə­sində 900-ə yaxın yaşayış məntəqəsi, 22 muzey və 4 rəsm qalereyası, tarixi əhəmiyyəti olan 9 saray, nadir tarixi əhə­miyyətli 40 min muzey sərvəti və eksponatı, 144 məbəd və 62 məscid dağıdılmış, talan edilmiş və yandırılmışdır. Bundan əlavə, 927 kitabxanada 4,6 milyon kitab və qiymətli tarixi əlyazmalar məhv edilmişdir.

Ermənistanın ölkəmizə qarşı açıq-aşkar hərbi təcavüzü beynəlxalq hüququn bütün norma və prinsiplərinə ziddir. Belə ki, Ermənistan Respublikası bütün beynəlxalq hüquqi sənədləri, xüsusilə BMT Nizamnaməsinin I və II maddələrində, eləcə də 1975-ci il 1 avqust tarixli ATƏM/ATƏT-in Helsinki Yekun Aktında  ifadə olunmuş beynəlxalq hüququn əsas prinsiplərini kobudcasına pozmuşdur.

Bununla yanaşı,  XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soy­qırımı indiyədək bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cina­yət­lərdən biri kimi qiymətləndirilir. Xocalı soyqırımı tarixi yaddaşlardan heç vaxt silinməyən Xatın, Liditsa, Oradur, Xolokost, Sonqmi, Ruanda və Srebrenitsa kimi dəhşətli fa­ciələrdən heç də fərqlənmir. Adı çəkilən hadisələr mü­haribələr tarixinə dinc əhalinin soyqırımı olaraq daxil olmuş və bütün dünyada geniş əks-səda doğurmuşdur.

Çox təssüf ki, Ermənistanın yürütdüyü etnik təmizləmə və soyqırımı siyasəti  30 ildən çoxdur ki,  dünya ictimaiyyətinin gözü qarşısında baş verir. Halbuki soyqırımı ən ağır cinayət olmaqla yanaşı, beynəlxalq hüquqa görə sülh və təhlükəsizliyə qarşı yönələn cinayətlər qrupuna aid edilir. Soyqırımı cinayətinin hüquqi əsası BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” konvensiya ilə müəyyən olunmuşdur. Bu baxımdan, dunya birliyi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Azərbaycanın Dağ­­lıq Qarabağ böl­­gə­­sinin Xocalı şəhərində 28 il əvvəl həyata keçirdiyi qətliamı soyqırımı aktı və insanlığa qarşı cinayət hadisəsi kimi qiymətləndirməlidir.

Bununla yanaşı, Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən atılan qeyri-qanuni addımlar, xüsusilə təşkil olunan qanunsuz səfərlər, görüntü xatirinə keçirilən tədbirlər, məskunlaşdırma siyasətinin aparılması və demoqrafik tərkibin qəsdən dəyişdirilməsi, Azərbaycan xalqına məxsus maddi-mədəni irsin talan edilməsi bütün beynəlxalq və humanitar hüququn pozulması deməkdir.

Bununla yanaşı, Ermənistanın Azər­bay­ca­na qarşı təcavüzü ilə əlaqədar BMT Təhlükəsizlik Şu­ra­sının 822, 853, 874 və 884 saylı qət­na­mələrində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sər­həd­lərinin toxunulmazlığının zəruriliyi bildirilir, işğalçı qüvvələrin işğal etdik­lə­ri Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxması göstərilir. Ancaq BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə, İslam Əməkdaşlıq Təşkilatının, Qoşulmama Hərəkatının, Avropa Şurası Parlament Assambleyasının və eləcə də digər beynəlxalq təşkilarların qərarlarına baxmayaraq indiyə kimi Ermənistan Respublikasının açıq-aşkar hər­bi işğalçılıq mövqeyi tutması ucbatından münaqişə ölkəmizin ərazi bütövlüyü və suverenliyi çərçivəsində öz həllini tapmamışdır. Ona görə də böyük dövlətlər qəti praktik addımlar atmalı və Ermənistanı beynəlxalq birliyin iradəsinə tabe etdirməlidirlər.

Xocalı soyqırımının 28-ci ildönümündə Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin 80 mindən çox olan azərbaycanlıları beynəlxalq birliyi Azərbaycan xalqına qarşı bu gün də davam edən təcavüz hərəkətlərinə obyektiv siyasi-hüquqi qiymətin verilməsi üçün Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə çağırırıq. Biz dünya ictimaiyyətini və beynəlxalq təşkilatları Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində məqsədyönlü şəkildə yüzlərlə uşaq, qadın və yaşlı insanların  da daxil olduğu dinc azərbaycanlı əhalisinə qarşı törədilmiş bu qəddarğı insanlıq əleyhinə cinayət və soyqırımı aktı kimi tanımağa çağırırıq.

Biz  humanizm ideyalarının daşıyıcısı olan bütün beynəlxalq təşkilatlardan tələb edirik ki, Ermənistanın işğalçılıq siyasətinin ifşa olunması üçün təsirli tədbirlər görülsün. Bununla yanaşı, Ermənistanın təcavüzünün qurbanı olan bir milyondan çox insanın  haqq səsi  eşidilsin və pozulmuş hüquqlarımızın bərpa olunması üçün ermənilərin cinayətkar əməlləri beynəlxalq səviyyədə qınaq obyektinə çevirilsin.

Hesab edirik ki, münaqişənin ədalətli həlli BMT Təhlükəsizlik Şu­ra­sının müvafiq qətnamələrinə əsasən Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılmasından, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayondan təcavüzə məruz qalaraq məcburən köçkün düşmüş azərbaycanlılarının doğma torpaqlarına qayıtmasından sonra mümkündür.