Azərbaycan həqiqətlərinin dünyaya yayılmasında xaricdə təhsil alan soydaşlarımızın üzərinə məsuliyyətli vəzifə düşür

Bakı, 3 sebtyabr, AZƏRTAC

“Xaricdə magistr təhsilinin maliyyələşdirilməsi” müsabiqəsinin qalibləri “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin sədri Tural Gəncəliyev ilə görüşüblər.

Azərbaycan Respublikasının Gənclər Fondundan AZƏRTAC-a bildiriblər ki, qalib gəncləri təbrik edən və yeni təhsil həyatlarında onlara uğurlar arzulayan İctimai Birliyin İdarə Heyətinin sədri Tural Gəncəliyev görüşdə Xocalı soyqırımı, Dağlıq Qarabağ münaqişəsi haqqında Azərbaycan həqiqətlərindən danışıb.

Bildirib ki, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal olunub, 1 milyondan çox qaçqın və məcburi köçkün, o cümlədən 80 mindən artıq azərbaycanlı öz doğma yurdundan didərgin düşüb. Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında xaricdə təhsil alan azərbaycanlı gənclərimizin üzərinə məsuliyyətli vəzifə düşür.