“Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin fəaliyyətinin maddi-texniki təminatının yaxşılaşdırılması tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamı
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli və azərbaycanlıların öz doğma yurdlarına qayıtması istiqamətində həyata keçirilən tədbirlərdə Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rolu əhəmiyyətli dərəcədə artmaqdadır.
65 min nəfərdən çox insanı birləşdirən icma cari ildə özünün ilk qurultayını keçirmiş, “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” kimi keyfiyyətcə yeni, təşkilati baxımdan möhkəmlənmiş ictimai birliyə çevrilmiş, idarəetmə strukturlarını yaratmışdır.
Birliyin icmadaxili və beynəlxalq ictimaiyyət arasında genişmiqyaslı fəaliyyətinin daha səmərəli qurulması üçün istifadəsində olan mənzil-qərargahın əsaslı təmiri və zəruri avadanlıqlarla təchiz edilməsi məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” ictimai birliyinin mənzil-qərargahının əsaslı təmiri və zəruri avadanlıqlarla təchiz edilməsi məqsədi ilə 2 (iki) milyon manat məbləğində vəsait ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci bəndində nəzərdə tutulan vəsaitin “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” ictimai birliyinin hesabına ödənilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 31 avqust 2009-cu il.
Mənbə:
Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı
|