Bizi izləyin:

       
Мuğam Radio







 “AZƏRBAYCAN RESPUBLİKASI DAĞLIQ QARABAĞ BÖLGƏSİNİN AZƏRBAYCANLI İCMASI” İCTİMAİ BİRLİYİ XOCALI SOYQIRIMI İLƏ BAĞLI BEYNƏLXALQ TƏŞKİLATLARA MÜRACİƏT ETMİŞDİR

“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi Xocalı soyqırımının 18-ci ildönümü ilə bağlı beynəlxalq təşkilatlara müraciət etmişdir. Bununla əlaqədar fevralın 26-da İctimai Birliyin idarə heyətinin bir sıra üzvləri mətbuat konfransı keçirmişlər.
Tədbir iştirakçılarını müraciətlə İcmanın əlaqələndirmə şurasının sədri Mehdi Abdullayev tanış etmişdir.
Müraciətdə qeyd olunur ki, 1992-ci il fevralın 26-da Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsindəki Xocalı şəhərinin yüzlərlə dinc sakininin kütləvi şəkildə qətlə yetirilməsindən 18 il ötür. Ermənistan silahlı qüvvələrinin, Dağlıq Qarabağdakı erməni separatçı-terror dəstələrinin və həmin dövrdə bölgədə yerləşən SSRİ ordusundan qalmış 366-cı alayın erməni milliyyətindən olan hərbçilərinin Xocalıda həyata keçirdiyi qanlı aksiya zamanı şəhərin 613 nəfər dinc sakini, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca amansızlıqla öldürülmüş, 487 nəfər yaralanmışdır. Xocalının 1275 nəfər dinc sakini girov götürülərək dəhşətli təhqir və zorakılığa məruz qalmışdır. Onlardan 150 nəfərin taleyi naməlum olaraq qalır.
Bildirilir ki, Xocalıda həyata keçirilən soyqırımı erməni millətçilərinin uzun illər azərbaycanlılara qarşı apardığı terror və qətliam, etnik təmizləmə və deportasiya siyasətinin qanlı səhifəsidir. 1988-ci ilin fevralında erməni millətçiləri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində təcavüzkar separatizmi alovlandıraraq bölgədəki azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə siyasətinə başlamışlar. Bunun nəticəsində 1992-ci ilin əvvəlinədək Dağlıq Qarabağda azərbaycanlıların yaşadığı onlarla kənd işğal olunmuş, yüzlərlə insan qətlə yetirilmişdir. Xocalı şəhəri Dağlıq Qarabağda azərbaycanlıların iri yaşayış məntəqəsi idi. Erməni hərbi qüvvələri bu şəhəri yerlə-yekcan etməklə Dağlıq Qarabağın azərbaycanlı əhalisı arasında kütləvi xof yaratmaq, etnik təmizləmə siyasətini başa çatdırmaq məqsədi güdürdü. Xocalı soyqırımından sonra Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün daha geniş miqyas alması bunun təsdiqidir.
Müraciətin sonunda deyilir ki, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması hazırda ATƏT-in Minsk qrupu çərçivəsində Ermənistanın işğalına son qoyulması və öz doğma torpaqlarından qovulmuş azərbaycanlıların evlərinə tezliklə qayıtması məqsədi ilə aparılan danışıqları dəstəkləyir və dünya birliyinin, beynəlxalq təşkilatların bu prosesdə daha fəal olmasını gözləyir.
İcmanın rəhbəri, Şuşa rayonu İcra hakimiyyətinin başçısı Bayram Səfərov qurum haqqında məlumat vermiş, görülən işlərdən danışmışdır. Bildirmişdir ki, dövlətimizin başçısının Sərəncamı ilə İctimai Birlik üçün bina ayrılmışdır. İcma rəhbəri respublikanın müxtəlif yaşayış məntəqələrində məskunlaşmış qarabağlılarla keçirdiyi görüşlər, onların problemlərinin həlli ilə bağlı görülmüş işlər, kütləvi informasiya vasitələri ilə əlaqələr, xaricdə keçirilən tədbirlər barədə də məlumat vermişdir.
İdarə heyətinin üzvlərindən Milli Məclisin deputatı Rövşən Rzayev, akademik Vaqif Fərzəliyev, Xocalı rayonu İcra hakimiyyətinin başçısı Şahmar Usubov, Xocavənd rayonu İcra hakimiyyətinin başçısı Eyvaz Hüseynov və başqaları münaqişənin həlli ilə bağlı fikirlərini bölüşmüş, doğma yurda qayıdacaqlarına inamlarını ifadə etmiş, erməni icması ilə birgə yaşamağa münasibətlərini bildirmişlər.
İcmanın üzvləri münaqişənin həllində Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli mövqeyini dəstəklədiklərini diqqətə çatdırmışlar.
Vurğulanmışdır ki, İctimai Birliyin fəaliyyətini canlandırmaq üçün təşkilatlanma işləri sürətlənməli, təbliğat gücləndirilməlidir. Xüsusilə gənclər arasında iş fəal aparılmalı, onların Qarabağ barədə məlumatları zənginləşdirilməlidir. Xarici ictimaiyyətə təsir imkanları işə salınmalıdır.

Bakı, 26 fevral, 2010, (AzərTAc).

 

Printer
“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi ©

Bütün hüquqlar qorunur