DAĞLIQ QARABAĞ BÖLGƏSİNİN AZƏRBAYCANLI İCMASI ABŞ PREZİDENTİNƏ MƏKTUB GÖNDƏRMİŞDİR
“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin adından ABŞ Prezidenti Barak Obamaya məktub göndərilmişdir. İcmanın rəhbəri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun imzaladığı məktubda qeyd edilir ki, dünyada təhlükəsizliyin və sülhün möhkəmlənməsinə yönəlmiş siyasi kursunuza görə bu yaxınlarda Nobel sülh mükafatına layiq görülməyiniz Ermənistanın Azərbaycana qarşı işğalına son qoyulmasına olan ümidlərimizi artırmışdır. ATƏT-in Minsk qrupunun üzvü kimi ABŞ-ın vasitəçilik missiyasını intensivləşdirməsi və Ermənistan rəhbərliyini işğal edilmiş Azərbaycan torpaqlarından çəkilməyə məcbur etməsi çox vacibdir. Güc tətbiqi ilə ərazi qazanılması və əldə edilmiş ərazidə xalqların öz müqəddəratını təyin etmək hüququ adı altında hakimiyyətin qanuniləşdirilməsi beynəlxalq hüquq prinsiplərinə ziddir.
Sənəddə vurğulanır ki, Ermənistan və Azərbaycan prezidentləri arasında sülh danışıqlarının getdiyi bir mərhələdə ABŞ Konqresinin Dağlıq Qarabağdakı separatçı rejimə 8 milyon ABŞ dolları məbləğində vəsait ayırması Dağlıq Qarabağın azərbaycanlı icmasında böyük təəssüf hissi yaratmışdır. Çünki azərbaycanlı icmanı silah gücü ilə öz doğma torpaqlarından qovub etnik təmizləmə siyasəti həyata keçirən separatçı rejimin və Ermənistan rəhbərliyinin dəstəklənməsi Dağlıq Qarabağdakı icmalara münasibətdə balansın pozulmasına gətirib çıxara biləcək bir amildir. Məktubda xəbərdarlıq edilir ki, ABŞ Konqresinin bu addımı sülh danışıqlarında qeyri-konstruktiv mövqe tutan Ermənistan rəhbərliyinin mövqeyinin sərtləşməsinə, separatçı rejimin isə özünün tanınması kimi qələmə verməsinə xidmət edə bilər.
Təəssüflə vurğulanır ki, bölgənin erməni icmasına yardım edildiyi halda, daha çox zərər çəkmiş azərbaycanlı icmanın unudulmasını izah etmək çətindir. Halbuki Dağlıq Qarabağın azərbaycanlı icması da bölgənin erməni icması kimi Dağlıq Qarabağda yaşamaq hüququna malikdir. Sənəddə daha sonra deyilir: Dağlıq Qarabağ münaqişəsinin tezliklə həlli üçün, ilk növbədə, bölgənin qaçqın düşmüş azərbaycanlı icmasının öz torpaqlarına geri qayıtması zəruridir. Bölgənin erməni və azərbaycanlı icmaları arasında etimada əsaslanan münasibətlərin formalaşması Dağlıq Qarabağ münaqişəsinin həllinə öz müsbət töhfəsini verəcəkdir. İcmalar arasında ilk görüşlər artıq baş tutmuşdur. Hazırda Dağlıq Qarabağ bölgəsinin 65 min nəfərdən artıq olan azərbaycanlı icmasının tələbi hər iki icmaya bərabərhüquqlu yanaşmanın nümayiş etdirilməsi, göstərilən hər hansı siyasi, iqtisadi və maliyyə dəstəyinin Dağlıq Qarabağ münaqişəsinin həllinə xidmət etməsidir. Münaqişə həll edilmədən regionda uzunmüddətli sülhün və əməkdaşlığın bərqərar olması mümkün deyildir. Məktub “Biz Sizin sülhə xidmət edən fəaliyyətinizə inanır və bu cür birtərəfli aksiyaların qarşısının alınması və ədalətin təmin edilməsi üçün Prezident səlahiyyətlərinizdən istifadə etməyinizi xahiş edirik” sözləri ilə bitir.
Bakı, 16 dekabr, 2009, (AzərTAc).
|