Bizi izləyin:

       
Мuğam Radio







 

“AZƏRBAYCAN RESPUBLİKASI DAĞLIQ QARABAĞ BÖLGƏSİNİN AZƏRBAYCANLI İCMASI” İCTİMAİ BİRLİYİ İDARƏ HEYƏTİNİN İCLASI OLMUŞDUR

 

“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” ictimai birliyi idarə heyətinin növbəti iclası olmuşdur. İcmanın rəhbəri, Şuşa rayon İcra hakimiyyətinin başçısı Bayram Səfərov iclas iştirakçılarını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik etdikdən sonra məlumat vermişdir ki, dövlətimizin başçısının Sərəncamı ilə ictimai birlik üçün ayrılmış binada yenidənqurma işləri sürətlə davam edir. İnşaatçılar binanı gələn ilin aprel-may aylarında təhvil vermək niyyətindədirlər.

 

B.Səfərov son zamanlar görülmüş işlərdən söz açmış, ictimai birliyin ölkə daxilində və xaricdə həyata keçirdiyi tədbirləri xatırlatmışdır. Onun sözlərinə görə, Almaniyada keçirilmiş “Yaddan çıxmaz Qarabağ” aksiyası xüsusilə yaddaqalan olmuşdur. Belə ki, aksiyanın köməyi ilə alman ictimaiyyəti Azərbaycanın haqlı mövqeyini dərk etmiş, çoxlu alman dostlar qazanmışıq. Eyni zamanda, ABŞ Konqresinin Dağlıq Qarabağa yardım ayırmaq qərarına etiraz əlaməti olaraq icma rəhbərinin imzası ilə bu ölkənin Prezidentinə, dövlət katibinə, Konqresin ermənipərəst xanım üzvünə etiraz məktubu göndərilmişdir. Ölkə daxilində isə “Bura Vətəndir” aksiyası keçirilir.

 

İcma rəhbəri respublikanın müxtəlif yaşayış məntəqələrində məskunlaşmış qarabağlılarla keçirdiyi görüşlər, onların problemlərinin həlli ilə bağlı görülmüş işlər, kütləvi informasiya vasitələri ilə əlaqələri barədə məlumat verilmişdir. B.Səfərov Dağlıq Qarabağın azərbaycanlı icmasının sayının dəqiqləşdirilməsi ilə bağlı görülmüş işlərdən danışmış, indiyədək səsləndirilən 65 min rəqəminin xeyli artdığını vurğulamışdır. Çünki ailələrdəki övladlar böyüyür, onlar yeni ailə qururlar. Məsələn 1992-ci ildə Xocalının əhalisi 7-8 min nəfər olduğu halda, indi bu rəqəm iki dəfədən çox artmışdır.

 

İdarə heyətinin üzvləri çıxışlarında xüsusi vurğulamışlar ki, ictimai birliyin fəaliyyətini canlandırmaq üçün təşkilatlanma işləri sürətlənməli, təbliğat gücləndirilməlidir. Xüsusilə gənclər arasında iş fəal aparılmalı, onların Qarabağ barədə məlumatları zənginləşdirilməlidir. Xarici ictimaiyyətə təsir imkanları işə salınmalıdır. Bu sahədə xaricdə yaşayan tanınmış soydaşlarımızın imkanları səfərbərliyə alınmalıdır. Məcburi köçkünlərin problemlərinin vaxtında həll olunması üçün onların sıx məskunlaşdığı rayonlara idarə heyəti üzvlərinin səfəri təşkil edilməli, regional görüşlər keçirilməli, ictimai birliyini ilk təşkilatı yaradılmalı, Qarabağla bağlı aksiyaların coğrafiyası genişləndirilməlidir. Əlbəttə, həmin rayonların rəhbərləri ilə sıx əlaqələrin yaradılması da zəruridir. Yekdilliklə vurğulanmışdır ki, münaqişənin həlli ilə bağlı Azərbaycan Prezidentinin qətiyyətli mövqeyi, xüsusilə son zamanlar səsləndirdiyi bəyanatlar icma üzvləri tərəfindən ruh yüksəkliyi ilə qarşılanmışdır.

 

Bakı, 29 dekabr, 2009, (AzərTAc).


Printer
“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi ©

Bütün hüquqlar qorunur