“AZƏRBAYCAN RESPUBLİKASI DAĞLIQ QARABAĞ BÖLGƏSİNİN AZƏRBAYCANLI İCMASI” İCTİMAİ BİRLİYİ İDARƏ HEYƏTİNİN ÜZVLƏRİ BİLƏSUVARDA MİLLİ QƏHRƏMANIN AİLƏSİNDƏ OLMUŞLAR
Avqustun 26-da “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin rəhbəri, Şuşa rayon İcra hakimiyyətinin başçısı Bayram Səfərov və birliyin idarə heyətinin üzvləri Biləsuvarın Əliabad kəndində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun ailəsi ilə görüşmüşlər. Bayram Səfərov, Xocavənd və Xocalı rayonları İcra hakimiyyətlərinin başçıları Eyvaz Hüseynov, Şahmar Usubov, AMEA-nın akademik-katibi akademik Vaqif Fərzəliyev, Mİlli Məclisin deputatları Elman Məmmədov, Həvva Məmmədova, Aynur Quliyeva şəhid gizirimizin doğmalarına başsağlığı vermişlər.
Mübarizin valideynlərinə yazdığı və böyüdülüb divardan asılmış məktubu qonaqları kövrəltmişdir. Məktubda deyilir: “Canım atam və anam, məndən sarı darıxmayın, inşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə ürəyim dözmür. Allaha xatir bunu eləməliyəm. Ən azından ürəyim sərinlik tapar. İnşallah, şəhid olana kimi bu şərəfsizlərin üstünə gedəcəm. Şəhid olsam, ağlamayın, əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu eləməliyəm. Allah böyükdür, Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin. İbrahimov Mübariz”.
Natiqlər qeyd etmişlər ki, Mübarizin məktubunun hər sətirində nəzərə çarpan vətənpərvərlik, cəsarət, fədakarlıq gənclərimizə nümunə olmalıdır. Hesab edirik ki, Azərbaycanda yüzlərlə, minlərlə Mübarizimiz var. Azərbaycan xalqı qəhrəman oğullarının fədakarlığına güvənir və öz torpaqlaqlarını işğaldan azad etmək iqtidarındadır. Görüşdə Mübarizin misilsiz şücaətindən, Vətən və millət naminə fədakarlığından söhbət açılmış, keçdiyi döyüş yolunun hər bir Azərbaycan vətəndaşı üçün örnək olduğu, göstərdiyi qəhrəmanlığın əsgərlərimizdə öz qüvvəsinə inamı gücləndirdiyi vurğulanmışdır. Qonaqlar xatirə kitabına ürək sözlərini yazmışlar. Qəhrəmanın atası Ağakərim kişi oğlunun xatirəsini əziz tutanların hamısına təşəkkür etmişdir. O, dünya azərbaycanlılarının da onun kədərinə şərik olduğuna işarə ilə “Bir oğul itirdim, 50 milyon doğma qazandım”,-deyə vurğulamışdır.
Biləsuvar, 26 avqust, 2010, (AzərTAc).
|