Bizi izləyin:

       
Мuğam Radio







 

DAĞLIQ QARABAĞIN STATUSU YALNIZ AZƏRBAYCANLI ƏHALİ ORA QAYITDIQDAN SONRA MÜƏYYƏNLƏŞDİRİLƏ BİLƏR

 

 

Fevralın 15-də Bakıda səfərdə olan ATƏT-in sədri, Qazaxıstanın xarici işlər naziri Kanat Saydabayevlə görüşdən sonra “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması”nın rəhbəri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov yerli və xarici kütləvi informasiya vasitələri üçün mətbuat konfransı keçirmişdir.

 

Bayram Səfərov demişdir ki, hamımızı narahat edən münaqişənin həlli ilə bağlı mövqeyimizi ATƏT sədrinin diqqətinə çatdırdım, ermənilərin törətdikləri qırğınlar barədə məlumat verdim, onun suallarını cavablandırdım, qurumun ünvanına iradlarımızı səsləndirdim, icma üzvlərinin doğma torpağa qayıtmaq istəyini bildirdim. Qeyd etdim ki, Azərbaycan bu müharibəyə zorla cəlb olunub, xalqımız torpaqlarımızın bütövlüyünü istəyir, sülh arzulayır. Biz doğma torpağa qayıdıb orada yaşamalı və yaratmalıyıq. Dağlıq Qarabağın statusu yalnız azərbaycanlı əhali oraya qayıdandan sonra müəyyənləşdirilə bilər. Sadəcə olaraq bölgənin erməni icmasının üzvləri özlərini Azərbaycan vətəndaşları kimi aparmalı, dövlətin qanunlarına hörmət etməlidirlər. Sülh bərqərar olduqdan, azərbaycanlı əhali əraziyə qayıdandan sonra oradakı sadə, zəhmətkeş ermənilər heç bir status tələb etməyəcəklər. Varlı, inkişaf edən, dünyada öz mövqeyi ilə seçilən lider dövlətlərdən birinə çevrilmiş Azərbaycanın vətəndaşı olmaq onlar üçün ən böyük şərəf sayılacaqdır.

 

B.Səfərov jurnalistlərin suallarına cavab verərək qeyd etmişdir ki, erməni icması ilə hər hansı bir dialoqa hazırıq. Doğma torpaqlara qayıdandan sonra təhlükəsizlik məsələsini təmin edəcək qüvvələrə gəldikdə isə, bu məsələlər dövlətlər arasında müzakirə olunur. Şəxsən mən arzu edərdim ki, bu qüvvələr bitərəf olsun, ədalətli mövqe tutsun.

 

Bakı, 15 fevral, 2010, (AzərTAc).


Printer
“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi ©

Bütün hüquqlar qorunur