Bizi izləyin:

       
Мuğam Radio







 

ŞUŞANIN MALIBƏYLİ VƏ QUŞÇULAR KƏNDLƏRİNİN İŞĞALINDAN 18 İL ÖTÜR

 

BU MÜNASİBƏTLƏ ANMA MƏRASİMİ KEÇİRİLMİŞDİR

 

Fevralın 11-də Şuşanın Malıbəyli və Quşçular kəndlərinin ermənilər tərəfindən işğal olunmasının 18-ci ildönümü ilə əlaqədar Pirşağı və Ramana qəsəbələrində anma mərasimləri keçirilmişdir. Mərasimlərdə Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov, Milli Məclisin deputatları, ziyalılar və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.

 

Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Bayram Səfərov hər iki kəndin işğalını xalqımızın tarixində faciəli günlərdən biri kimi səciyyələndirmişdir. Məlumat vermişdir ki, işğala qədər Malıbəyli beş aydan artıq idi ki, mühasirədə qalmışdı. Kənd əhalisinin təhlükəsizliyi və Qarabağın bu ən qədim yaşayış məskəninin müdafiəsi 5-6 avtomat silahla təmin olunurdu. 1992-ci ilin fevralında kənd erməni silahlı qüvvələri və muzdlular tərəfindən aramsız atəşə tutulurdu. Malıbəylinin özünümüdafiə qüvvələri düşmənin amansız hücumlarının qarşını ala bilsələr də, döyüş sursatı tükənirdi. Ayın 11-də səhər tezdən quldurlar Malıbəyli və Quşçular kəndlərini tamamilə yandırdılar, hər iki kənddən 13 nəfər girov götürüldü, 15 nəfərdən artıq sakin həlak oldu. Beləliklə, ermənilər daha bir faciə törədib, vəhşiliklərini, qaniçən olduqlarını dünyaya göstərdilər. Malıbəyli və Quşçuların igid oğulları düşmən əhatəsində olan 30 kilometrlik yolu hərbi yürüşlə keçmiş, 2 min nəfərə qədər xəstə, qoca, qadın və uşaqlardan ibarət əhalini də özləri ilə apararaq xilas etmişlər.

 

İcma rəhbəri qeyd etmişdir ki, öz doğma yurdlarından didərgin salınmış məcburi köçkünlərin problemlərinin həll edilməsi, eləcə də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi fəal iş aparır. “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi idarə heyətinin üzvləri- akademik Vaqif Fərzəliyev, Milli Məclisin deputatları Həvva Məmmədova, Rövşən Rzayev ermənilərin tarixi Azərbaycan torpaqlarına olan ərazi iddialarını həyata keçirmək üçün əl atdıqları cinayətkar əməllərdən danışmışlar. Bildirmişlər ki, ölkə rəhbərliyi tərəfindən qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması ilə bağlı tədbirlər uğurla davam etdirilir. Şuşa rayon ictimaiyyətinin nümayəndələri qeyd etmişlər ki, Prezident İlham Əliyevin göstərdiyi diqqət və qayğı nəticəsində onların sosial məişət şəraiti yaxşılaşdırılmışdır. Bəyan etmişlər ki, münaqişənin həllində ölkə başçısının qətiyyətli mövqeyini dəstəkləyirlər və doğma torpaqlara qayıdacaqlarına inanırlar. Sonda məktəblilərin ifasında ədəbi-bədii kompozisiyalar göstərilmişdir. Rayon icra hakimiyyətinin rəhbərliyi və deputatlar əhalinin problemləri ilə maraqlanmışlar.

 

Bakı, 11 fevral, 2010, (AzərTAc).


Printer
“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi ©

Bütün hüquqlar qorunur